Qərbi Kaspi Universitetinin Tələbə İcmasının təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
Bu gün Qərbi Kaspi Universitetinin Tələbə İcmasının təşkilatçılığı ilə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Eyni zamanda Dizayn ixtisası tələbələrinin hazırladıqları foto-sərgi nümayiş etdirilib.
Tədbirdə vurğulanıb ki, 20 Yanva Azərbaycan xalqının tarixində təkcə faciə günü yox, həm də şərəf səhifəsidir. Xalqımız həmin gün üstünə şığıyan dəhşətli kabusa qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı. Qara 20 Yanvar faciəsindən bir gün sonra ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək qırmızı rejimin Azərbaycanda həyata keçirdiyi qanlı aksiyanı törədənləri ifşa etməsi o dövrdə xalqımıza dayaq, təsəlli oldu. Xalq o ağır günlərdə köməksiz olmadığını hiss etdi.
Qeyd edildi ki, bu gün ulu öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Azərbaycan xalqının 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından azad edib yeni reallıq yaratdı, dəmir yumruq qalib gəldi.