Qərbİ Kaspİ Unİversİtetİnİn Texnoparkı barədə Türkİyə medİasında

Qərbi Kaspi Universitetinin (əvvəlki Qərb Universiteti) qurmaqda olduğu Texnopark barədə Türkiyə mediasında material dərc olunub. "Gazetekazan.com” saytında yerləşdirilən informasiyada bildirilir ki, son dönəmlərdə ardıcıl olaraq innovativ layihələr həyata keçirən Azərbaycanın Qərbi Kaspi Universitetində Texnoparkın qurulmasına start verilib. Bundan öncə universitetdə yaradılmış Geomatika Mərkəzinin qurulmasında bu universitet Almaniya şirkətləri ilə yanaşı, Türkiyə şirkətləri ilə də əməkdaşlıq edilib.

Hazırda yaradılmaqda olan Texnoparkda Biznes-İnkubasiya Mərkəzi, Texnoloji Transfer Ofisi, Mexatronika və Robototexnika Laboratoriyası, İdeya Bankı və başqa mərkəzlər fəaliyyət göstərəcək.

Bildirilir ki, Texnoparkdan sərbəst istifadə imkanı yaradılacaq. Belə ki, ideyası və ya layihəsi olan tələbələr və abituriyentlər texnoparka müraciət edərək dəstək ala biləcəklər. Qərbi Kaspi Universitetinin tələbələri dərs zamanı üzərində işlədikləri elmi işləri, biznes layihələrini universitet daxilində reallaşdıraraq şəxsi biznesə sahib ola biləcəklər.

 

Məlumatda qeyd edilir ki, Texnoparkda fəaliyyət göstərəcək Mexatronika və Robototexnika laboratoriyasında isə təşəbbüskar mühəndislər hazırlamaq istədikləri robotların və digər bu kimi layihələrin reallaşdırılması üçün lazım olan bütün avadanlıq və materiallarla təmin olunacaqlar. 
Texnopark ideyaların reallaşdırılmasına dəstək verməklə yanaşı, tələbələrdə praktik düşünmə, eləcə də mühəndis təxəyyülünün formalaşmasına xidmət edəcək.