Qərbi Kaspi Universitetində əmək yarmarkası keçirilib
Qərbi Kaspi Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə əmək yarmarkası keçirilib.
Yarmarkada marketinq, logistika, maliyyə, sığorta, kimya, ekologiya, qida sənayesi, informasiya texnologiyaları, xidmət və digər sahələri təmsil edən çoxsaylı nüfuzlu şirkətlərin nümayəndələri iştirak ediblər.
Əmək yarmarkası çərçivəsində stendlərə baxış keçirilib. Qərbi Kaspi Universitetinin və Dövlət Məşğulluq Agentliyinin rəsmiləri şirkət nümayəndələri ilə görüşərək təqdim olunan vakansiyalar, əmək bazarının tələbləri və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Tədbir universitetin məzunları, sonuncu kurs tələbələri və magistrantları tərəfindən böyük maraqla qarşılanıb.
İştirakçılar şirkət nümayəndələri ilə birbaşa ünsiyyət qurmaq, vakansiyalar və təcrübə proqramları haqqında ətraflı məlumat almaq imkanı əldə ediblər.
Məqsəd məzunların və tələbələrin əmək bazarına çıxışını dəstəkləmək, onları ixtisas və maraq dairələrinə uyğun iş imkanları barədə məlumatlandırmaq, eləcə də işəgötürənlərlə ilkin peşəkar əlaqələrin qurulmasına şərait yaratmaq olub.