“Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” Konfransında müxtəlif mövzular müzakirə olunub
5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetində "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər" adlı 2-ci Beynəlxalq Konfrans keçirilib. Konfransın açılış panelində müxtəlif sahələrdən tanınmış mütəxəssislər, alimlər və tədqiqatçılar, dağ ekosistemləri, biomüxtəliflik və dağlıq ərazilərdəki mədəniyyətlər haqqında əhəmiyyətli mövzuları müzakirə ediblər.
Paneldə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, Müstəqil Dağ Tədqiqatları üzrə Tədqiqatçı və UIAA-nın üzvü, professor Meri Sanseverino, Dağ Əməkdaşlığı Proqramının Koordinatoru Sara Manuelli, tədqiqatçı və alpinist Jan Kuls, Machaon International şirkətinin direktoru Svetlana Belova, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun nümayəndəsi Xəqani Məmmədov çıxış ediblər.
Böyük Qafqaz buzlaqlarının və meşələrin yayılma yollarının tədqiqi mövzusu ilə bağlı geniş məlumat verən professor Hüseyn Bağırov Böyük Qafqazın təbii resursları və ekosistemləri haqqında ətraflı məlumat verib. Tədqiqatın məqsədi bölgənin buzlaqları və meşələrinin yayılma yollarını izah edərək, bu sahədəki ekosistem xidmətlərinin qorunmasına dair tövsiyələr təqdim etməkdir.
Alpinistlər və vətəndaş elmi: Dağların danışmasına imkan verən innovativ yollar mövzusunda çıxış edən Meri Sanseverino alpinistlərin və vətəndaşların dağ ekosistemləri haqqında məlumat toplamaq və təbiəti qorumaq üçün necə innovativ yanaşmalar tətbiq etdiklərini paylaşıb.
Dağlar üçün qlobal platforma kimi Dağ Əməkdaşlığı: Dağ ekosistemlərinin və icmaların davamlılığı üçün fəaliyyətin katalizatoru adlı təqdimat edən Sara Manuelli dağların qorunması və dağ icmalarının inkişafı üçün beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. O, dağ ekosistemlərinin davamlılığının artırılması üçün qlobal platforma olan Dağ Əməkdaşlığı proqramının fəaliyyətləri barədə məlumat verib.
Tədqiqat koordinatoru mühit, iqlim dəyişikliyi, uyğunlaşma və davamlı inkişaf mövzusunda məruzə edən tədqiqatçı Jan Kuls iqlim dəyişikliyi və uyğunlaşma mövzusunda həyata keçirilən tədqiqatlar və bu sahədəki qlobal yanaşmalar barədə danışıb. O, həmçinin dağ bölgələrində yaşayan icmaların iqlim dəyişikliyinə qarşı daha dayanıqlı olması üçün təklif olunan tədbirlərdən bəhs edib.
Yaradıcı dağlar: Ucqar kənd ərazilərinin təşviqi üçün innovativ yanaşmalar adlı mövzu ilə çıxış edən Svetlana Belova kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində yeni yanaşmaların tətbiqinin dağ bölgələrinin iqtisadiyyatına və sosial həyatına müsbət təsirlərindən bəhs edib.
Dağətəyi ərazilərin torpaq münbitliyinin qeyri-üzvi komponentlərlə əlaqəsi mövzusunda tədqiqat aparan Xəqani Məmmədov bu bölgələrdə torpaq keyfiyyətinin və məhsuldarlığının artırılması üçün təbii və texnoloji yanaşmaların tətbiqinə dair yeni tapıntıları təqdim edib.
Konfransın sonunda iştirakçılar, dağ ekosistemlərinin və icmalarının qorunması və inkişafı üçün daha geniş əməkdaşlıq və informasiya mübadiləsinin əhəmiyyətini vurğulayıb. İştirakçılar həmçinin dağçılıq, biomüxtəliflik və iqlim dəyişikliklərinə qarşı tədbirlər sahəsində birgə fəaliyyətin vacibliyini qeyd edərək gələcək tədqiqatlar və layihələr üçün yeni ideyalar irəli sürüblər.