Qərbi Kaspi Universiteti

Universitet

Elmi Şura

Qərbi Kaspi Universitetinin Təsisçilər  Şurasının 02.10.2017-ci il tarixli, 5 N-li qərarı ilə təsdiq edilmişdir

 

QƏRBİ KASPİ UNİVERSİTETİNİN ELMİ ŞURASI HAQQINDA ƏSASNAMƏ

 

  1. Bu Əsasnamə Qərbi Kaspi Universitetinin (bundan sonra Universitet) Elmi Şurasının (bundan sonra–Elmi Şura) yaradılması, fəaliyyətinin təşkili qaydaları və əsas istiqamətlərini, hüquq və vəzifələrini müəyyən edir.
  2. Universitetin Elmi Şurası haqqında Əsasnamə Universitetin Nizamnaməsinə, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin  13 iyun 2000-ci il tarixli 349 nömrəli Fərmanına, və Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə müvafiq olaraq hazırlanmışdır.
  3. Elmi Şura Universitetin təlim-tədris prosesi üzrə ali idarəetmə orqanıdır. Universitetin rektoru Elmi Şuraya başçılıq edir.
  4. Elmi Şuranın səlahiyyət müddəti 5 ildir. Elmi Şuranın vaxtından əvvəl yenidən yaranması onun üzvlərinin ən azı 2/3 hissəsinin tələbi ilə həyata keçirilə bilər.
  5. Elmi Şuranın tərkibi Təsisçilər Şurası tərəfindən təsdiq edilir.
  6. Elmi Şuranın tərkibinə seçilmə qaydası, onun hüquq və vəzifələri Azərbaycan Respublikası Təhsil Nazirinin 10 noyabr 1997-ci il tarixli, 792 nömrəli əmri ilə təsdiq edilmiş “Ali təhsil müəssisəsinin Elmi Şurası haqqında Əsasnamə”yə zidd olmamaq şərti ilə  aşağıdakı kimi  müəyyənləşdirilir:
    • Tutduqları vəzifələrinə görə Elmi Şuranın tərkibinə Universitetin rektoru (sədr), tədris işləri üzrə prorektor (sədrin müavini), prorektorlar, elmi katib, dekanlar, filialların və digər struktur bölmələrinin rəhbərləri, tələbə gənclər təşkilatının, Tələbə Elmi Cəmiyyətinin, tədris-metodik şuranın sədrləri daxil olurlar. Elmi Şuranın digər üzvləri Universitetin professor-müəllim və elmi işçilərinin ümumi sayının 3-10%-ni təşkil edə bilər. Bu miqdar təsisçilər şurası tərəfindən professor-müəllim və elmi işçilərinin sayından asılı olaraq müəyyənləşdirilir.
    • Elmi Şuraya namizədlər hər bir məktəbin (fakültənin), filialın və ya müvafiq struktur bölməsinin professor-müəllim və elmi işçilərinin ümumi iclasında gizli səsvermə yolu ilə seçilir.
  7. Universitetin Elmi Şurası:
    • Universitet kollektivinin (tələbələrin, müəllimlərin, əməkdaşların, doktorant və dinləyicilərin) daxili intizam qaydalarını təsdiq edir;
    • Böyük Şura, Qəyyumlar Şurası və Elmi Şuranın Əsasnamələrindən başqa digər struktur bölmələrin Əsasnamələrini, təlimatlarını və digər normativ sənədlərini təsdiq edir;
    • Məktəblərdə (fakültələrdə) (filiallarda, kafedralarda (kürsülərdə)) vəzifə tutmaq üçün müsabiqə keçirməyin, kontraktların və müqavilələrin vahid qaydalarını təsdiq edir;
    • Universitetin tələbə qəbulu planını müəyyənləşdirir və Təsisçilər Şurasına təqdim edir;
    • Kadr məsələlərinə baxır, Universitetin struktur bölmələrinin (məktəb (fakültə), filial və s.) elmi şuralarının təklifi ilə professor və baş elmi işçi vəzifələrini tutmağa iddiaçıların müsabiqəsini keçirir, onların vaxtından əvvəl tutduqları vəzifələrdən azad olunmaları barədə məsələlərə baxır;
    • Şöbə, məktəb (fakültə) və institut tabeliyindəki laboratoriya müdirlərini seçir;
    • Hər il Universitetin fəaliyyəti barəsində rektorun hesabatını dinləyir;
    • Mütəxəssislərin, elmi-pedaqoji kadrların hazırlanması, onların əlavə təhsili məsələlərinə baxır, bütün təlim-tərbiyə və elmi-tədqiqat işləri ilə bağlı məsələləri həll edir;
    • Elmi Şuranın üzvləri içərisindən Şuranın katibini seçir, təhsil və elm, sosial-iqtisadi və təsərrüfat fəaliyyətləri üzrə komissiyalar yaradır, onların hesabatlarını dinləyir və müvafiq qərar qəbul edir;
    • Şuranın işini təşkil etmək, iclasları hazırlamaq və qərarların həyata keçirilməsinə nəzarət etmək məqsədilə Şura üzvləri içərisindən elmi katib seçir;
    • Vaxtaşırı məktəblərin (fakültələrin) tədris, elmi-tədqiqat və tərbiyə işləri haqqında hesabatını dinləyir;
    • Universitetin əməkdaşlarına “professor”, “dosent”, “baş elmi işçi” və s. elmi adlarının verilməsi haqqında məsələlərə baxır;
    • Universitet əməkdaşlarını respublikanın fəxri ad və mükafatlarının, orden və medallarının verilməsinə təqdim edir;
    • Ölkədə və dünya miqyasında tanınmış görkəmli alimlərə, dövlət xadimlərinə, ictimai və siyasi xadimlərə “Universitetin fəxri doktoru” və ya “Universitetin fəxri professoru” adlarını verir;
    • Elmi işə və pedaqoji fəaliyyətə görə Universitetin mükafatlarını verir;
    • Tədris planlarını təsdiq edir;
    • Dərs vəsaitlərinin, Tədris-metodiki vəsaitlərin, monoqrafiyaların və tədris proqramlarının nəşri üçün qərar verir;
    • İmtahanların keçirilmə qaydalarını və qiymətləndirmə kriteriyalarının müəyyən edir;
    • Təqaüdlərin təyin edilmə qaydalarını qüvvədə olan normativlərə uyğun müəyyənləşdirir;
    • Universitetin tədris-metodik, redaksiya-nəşriyyat və kitabxana şuralarının tərkiblərini təsdiq edir;
    • AMEA-nın həqiqi və müxbir üzvlüyünə seçilmək üçün namizədlər irəli sürür;
    • müstəsna hallarda – fakültə Elmi Şuraları olmadıqda və münaqişələr yarandıqda rektorun qərarı ilə dosent, baş müəllim və assistentləri, elmi işçiləri seçir və onların vaxtından əvvəl azad olunmaları barəsində məsələlərə baxır;
    • Təsisçilər Şurası tərəfindən ona tapşırılmış digər məsələləri həll edir.
  8. Elmi Şura tədris ili və hər semestr üçün nəzərdə tutulmuş iş planı üzrə işləyir. Elmi Şuranın iş planı iclasda müzakirə olunub qəbul edilir və rektor tərəfindən təsdiq edilir.
  9. Tədris, elmi və tərbiyə işlərinin bütün məsələləri üzrə Elmi Şuranın qərarları açıq səsvermədə sadə səs çoxluğu ilə, professor-müəllim heyətinin seçilməsi və geri çağrılması, professor, dosent və fəxri adların verilməsinə təqdimat zamanı isə müəyyən olunmuş qaydada gizli səsvermə yolu ilə qəbul edilir.
  10. Elmi Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq keçirilir.
  11. Elmi Şuranın qərar çıxarması üçün iclasda onun üzvlərinin ən azı 2/3 hissəsinin iştirakı vacibdir. Elmi Şurada iştirak edənlərin ümumi sayının 50 %-dən çoxu müzakirə olunan məsələnin leyhinə səs verərsə qərar qəbul olunmuş hesab edilir.
  12. Elmi Şuranın qərarları Universitetin rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir.
  13. Elmi Şuranın iclasları protokollaşdırılır, Elmi Şuranın sədri və katibi tərəfindən imzalanır və elmi katibdə saxlanılır.
  14. Elmi Şuranın sədri Şuranın qərarlarının icrasının müntəzəm yoxlanılmasını təşkil edir və Şuranın üzvlərinə qəbul olunmuş qərarların yerinə yetirilməsi barəsində məlumat verir.
  15. Elmi Şura səlahiyyətinə aid edilmiş hüquq və vəzifələrin həyata keçirilməsinə görə Təsisçilər Şurası qarşısında məsuliyyət daşıyır.
  16. Əsaslı səbəblər olduqda – Elmi Şuranın qəbul etdiyi qərarın obyektiv olmadığı, qanunvericiliyə zidd olduğu müəyyənləşdirildikdə Universitet Elmi Surasının qərarı Təsisçilər Şurası tərəfindən ləğv oluna bilər.
  17. Bu Əsasnamə Universitetin Təsisçilər Şurası tərəfindən təsdiq olunduğu gündən qüvvəyə minir.
  18. Bu Əsasnaməyə əlavə və dəyişikliklər Təsisçilər Şurasının qərarı ilə aparıla bilər.

x