Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universitetində "İqlim İnnovasiyası" mövzusunda tədbir keçirilib

Qərbi Kaspi Universitetində "İqlim İnnovasiyası" mövzusunda tədbir keçirilib

COP29 konfransı çərçivəsində Qərbi Kaspi Universitetində “İqlim İnnovasiyası” adlı dəyirmi masa təşkil edilib. Tədbir zamanı iqlim dəyişikliyi ilə mübarizədə innovativ texnologiyaların tətbiqi və ekoloji problemlərin həllinə dair müxtəlif mövzular müzakirə olunub.

 

Tədbirin moderatoru, Earthbot platformasının təsisçisi Qay Aleksandr İms iştirakçıların müzakirələrinə rəhbərlik edərək rəqəmsal və ekoloji texnologiyaların inteqrasiyasının əhəmiyyətini vurğulayıb. Tədbirdə Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov, BMT-nin rəsmi nümayəndəsi Arti Ahluvalia, AzGBC-nin sədri Fuad Bağırov, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov, DİA-nın dosenti Elşən Əhmədov, Qərbi Kaspi Universiteti və Memarlıq və İnşaat Universitetinin müəllimləri iştirak edib.

 

Dəyirmi masada futuroloq Daniela Medvedev “Rəqəmsal eko üfüqlər” mövzusunda təqdimatla çıxış edib. O həmçinin AeroGES layihəsi çərçivəsində buludlardan elektrik enerjisi və su əldə edilməsini təmin edən hidravlik elektrik stansiyası texnologiyasını təqdim edib. Bu innovativ texnologiya iqlim problemlərinin həlli üçün yeni yanaşma kimi qiymətləndirilib.

 

Dəyirmi masanın əsas məqsədi COP29 iştirakçılarını yerli alim və sahibkarlarla bir araya gətirərək iqlim dəyişikliyi ilə mübarizədə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə müzakirə olunan mövzular Azərbaycanın ekoloji problemlərin həlli və davamlı inkişaf istiqamətində atdığı addımları dəstəkləməklə yanaşı, beynəlxalq təcrübələrin paylaşılmasına şərait yaradıb.