Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Müəllimlərimiz Böyük Qafqazın meşə örtüyündə tədqiqatlar aparır

Qərbi Kaspi Universitetinin Ekologiya və Ətraf Mühit kafedrasının müdiri, dosent Aydın Yəhyayev, eləcə də kafedranın müəllimləri Ədilağa Məlikov və Şahbaz Şirəliyevin müəllifi olduqları “The Distribution Geography of Quercus Castaneifolia (C.A. Mey) in the Greater Caucasus of Azerbaijan, Its Condition and Regeneration” adlı məqalə Scopus bazasında indekslənən Applied Ecology and Environmental Research jurnalında dərc edilmişdir.

Dosent Aydın Yəhyayevin rəhbərlik etdiyi bu tədqiqatda Böyük Qafqazın meşə ekosistemlərində şabalıdyarpaqlı palıdın (Quercus castaneifolia C.A. Mey) Azərbaycanın müxtəlif ərazilərində təbii yayılmasını, mövcud vəziyyətini və bərpa proseslərini araşdırılmışdır.

Tədqiqat İsmayıllı rayonu ərazisində aparılmış və ümumqəbul edilmiş metodologiyaya əsaslanaraq mühüm nəticələr əldə edilmişdir. Belə ki, palıd ağaclarının əsas morfoloji və ekoloji xüsusiyyətləri öyrənilmiş, ağacların keyfiyyət göstəricilərinə əsasən diaqnostik qiymətləndirmə aparılmış, növə aid tinglərin sayı "uğur qiymətləndirmə" şkalasına əsasən müəyyən edilmişdir.

Tədqiqatçıların səyi nəticəsində İsmayıllı rayonunun Qalınçaq meşə massivində bu növün təbii bərpasının stimullaşdırılması məqsədilə tədbirlər həyata keçirilmişdir. Həyata keçirilən bərpa tədbirləri nəticəsində beşinci ilin sonunda tinglərin sayının təxminən iki dəfə artdığı müəyyən edilmişdir ki, bu da şabalıdyarpaqlı palıdın bərpasına və bölgədəki meşə ekosistemlərinin biomüxtəlifliyinin qorunmasına mühüm töhfə verə bilər.

Məqaləyə keçid:
https://www.aloki.hu/indvol23_1.htm  
https://www.scopus.com/record/display.uri?eid=2-s2.0-85218015109&origin=recordpage