Qərbi Kaspi Universiteti 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində innovativ layihələrlə təmsil olunub
Qərbi Kaspi Universiteti 13-16 may 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçirilən 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi – Caspian Agro 2025-də uğurla iştirak edir. Bu nüfuzlu beynəlxalq tədbir kənd təsərrüfatı sahəsində son yeniliklərin, texnoloji nailiyyətlərin və elmi innovasiyaların nümayiş olunduğu platforma kimi çıxış edir.
Universitet, sərgidə innovasiya və startap bölməsi çərçivəsində təqdim etdiyi layihələrlə diqqət mərkəzində olub və həm yerli, həm də xarici ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Qərbi Kaspi Universitetinin elmi-tədqiqat qrupu tərəfindən hazırlanmış “Akvaponik sistem”, “Biogübrə” və “İpəkqurdu üçün süni yem” layihələri xüsusi maraq doğurub.
Bu cür təşəbbüslər universitet-sənaye əməkdaşlığının gücləndirilməsinə və gənc tədqiqatçıların elmi ideyalarının reallaşmasına geniş imkanlar yaradır.
Sərgi çərçivəsində universitetin nümayəndələri bir sıra şirkət və təşkilatlarla görüşlər keçirib, gələcək əməkdaşlıq perspektivlərini müzakirə ediblər.



