Qərbi Kaspi Universitetində Şmalkalden Universitetinin vitse-prezidenti, professor Uve Hetterin mühazirələri keçirilir.
Qərbi Kaspi Universitetində Beynəlxalq Yaz Mühazirələri çərçivəsində növbəti elmi tədbir baş tutub. Tədbirin fəxri qonağı Almaniyanın Shmalkalden Universitetinin vitse-prezidenti, professor Uve Hetter olub.
Professor Hetter “İnsanlara təsir texnikası” mövzusunda keçirdiyi mühazirədə psixologiya, kommunikasiya və liderlik sahəsində aparılan aktual tədqiqatlara əsaslanaraq, insanların davranış və qərarvermə mexanizmlərinə necə təsir göstərməyin yollarından danışıb. O, bu texnikaların xüsusilə idarəetmə, marketinq və ictimai münasibətlərdə tətbiqi ilə bağlı real nümunələr təqdim edib.
İnteraktiv şəkildə təşkil olunan mühazirə zamanı tələbə və müəllim heyəti aktiv şəkildə müzakirələrə qoşulub, suallarını səsləndirərək mövzuya dair dərin bilik və praktiki nüanslar əldə ediblər. Professor Hetter etik təsir və manipulyasiya anlayışları arasındakı fərqlərə də xüsusi diqqət ayıraraq, bu texnikaların cəmiyyət və təşkilatlar üçün əhəmiyyətini vurğulayıb.
Tədbir çərçivəsində həmçinin Qərbi Kaspi Universiteti ilə Almaniyanın Shmalkalden Universiteti arasında nəzərdə tutulan ikili diplom proqramları barədə də məlumat verilib. Bu proqramlar tələbələrə həm Azərbaycanda, həm də Almaniyada təhsil alaraq iki ölkənin diplomunu əldə etmək imkanı yaradır. İki diplomlu təhsil modelinin tələbələrə beynəlxalq əmək bazarında rəqabət üstünlüyü qazandırdığı, onların dil, mədəniyyət və peşə bacarıqlarını daha da inkişaf etdirdiyi vurğulanıb.
Bu proqram çərçivəsində tələbələr Almaniyada təhsil almaq, elmi tədqiqatlarda iştirak etmək və Avropa akademik mühitində təcrübə qazanmaq şansı əldə edirlər.
Qeyd edək ki, Beynəlxalq Yaz Mühazirələri Qərbi Kaspi Universitetinin beynəlxalq elmi əməkdaşlığa və tələbələrin qlobal akademik mühitlə inteqrasiyasına yönəlmiş təşəbbüsləri çərçivəsində mütəmadi olaraq təşkil olunur. Bu tədbirlər tələbələr üçün yeni perspektivlər açır, onları xarici ölkələrin elmi mühitinə yaxınlaşdırır və gələcək karyera imkanlarını genişləndirir.




