Qərbi Kaspi Universitetində keçirilən beynəlxalq konfrans BMT-nin Dağ Əməkdaşlığı Proqramının saytında işıqlandırılıb
5-6 noyabr 2024-cü il tarixlərində Qərbi Kaspi Universitetində keçirilən “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” adlı 2-ci Beynəlxalq Konfrans BMT-nin Dağ Əməkdaşlığı Proqramının rəsmi saytında geniş şəkildə işıqlandırılıb.
Xəbərdə konfransın əsas məzmunu olaraq dağlıq ərazilərdə rast gəlinən sosial və ekoloji problemlərin müzakirəsi, dağ ekosistemlərinin qorunması və onların davamlı inkişafının təmin edilməsi yolları qeyd edilib. Məlumata görə, konfransın açılışında çıxış edən Dağ Əməkdaşlığı Proqramının Koordinatoru Sara Manuelli və digər qonaqlar iqlim dəyişikliyinin dağlıq bölgələrə təsirinə dair önəmli təhlillər təqdim ediblər.
Xəbərdə tədbirin Bakıda keçirilən COP29 iqlim sammitindən cəmi bir həftə əvvəl baş tutması xüsusi olaraq vurğulanıb. Bu baxımdan tədbir qlobal iqlim dəyişikliklərinin yaratdığı təhdidlərə diqqət çəkmək və dağlıq ərazilərin dayanıqlığını artırmaq məqsədilə beynəlxalq əməkdaşlığı gücləndirmək üçün əhəmiyyətli bir platforma rolunu oynayıb.
Saytda yer alan məlumatda konfrans zamanı dağ ekosistemlərinin qorunması ilə bağlı qlobal və regional səviyyədə atıla biləcək addımların müzakirə edildiyi, eyni zamanda dağlıq ərazilərdə biomüxtəlifliyin və mədəni irsin qorunması mövzularında fikir mübadiləsi aparıldığı vurğulanıb.