Qərbi Kaspi Universitetində "Nə? Harada? Nə zaman?" intellektual oyunları yarışı keçirildi
Qərbi Kaspi Universiteti Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə tələbələr arasında "Nə? Harada? Nə zaman?" adlı intellektual oyunlar yarışı uğurla keçirilib. Yarışın əsas məqsədi tələbələr arasında bilik səviyyəsini artırmaq, məntiqi düşüncə qabiliyyətini inkişaf etdirmək və komanda ruhunu gücləndirmək olub.Yarış iki mərhələdə həyata keçirilib. Birinci turda bütün iştirakçı komandalar bilik və çevikliklərini nümayiş etdiriblər. Ən yüksək nəticə göstərən komandalar isə növbəti mərhələ – final turunda iştirak etmək hüququ qazanıblar. Final mərhələsində iştirak edən komandalar arasında böyük rəqabət yaşanıb, tələbələr öz bilik və bacarıqlarını bir daha sınayıblar.
Yarışın sonunda həm birinci, həm də ikinci turlarda fərqlənən, yüksək nəticə göstərən komanda üzvləri xüsusi təltif olunub. Qaliblərə Tələbə Gənclər Təşkilatının sədri tərəfindən sertifikatlar təqdim edilib. Təşkilatçı heyət yarışın gələcəkdə daha geniş miqyasda keçirilməsi və tələbələrə intellektual inkişaf üçün daha çox imkan yaradılması istiqamətində fəaliyyətlərini davam etdirəcəyini bildirib.Tədbir tələbələr arasında böyük maraqla qarşılanıb və universitetdə intellektual fəaliyyətlərin inkişafına yeni bir töhfə verib.













