Qərbi Kaspi Universitetində Ümummillider Heydər Əliyevin 102-ci İldönümünə həsr olunmuş “Qlobal çağırışlar və perspektivlər” mövzusunda gənc tədqiqatçıların elmi konfransı keçirilib.
Elmi konfransın əsas məqsədi müasir dövrün qlobal problemləri – iqlim dəyişikliyi, texnoloji transformasiyalar, enerji təhlükəsizliyi, miqrasiya, süni intellektin inkişafı və sosial-iqtisadi bərabərsizlik kimi məsələlərin elmi müstəvidə müzakirəsi və bu problemlərə gənc tədqiqatçıların baxış bucağından yanaşmaların ortaya qoyulması olub.
Konfrans çərçivəsində bir neçə bölmə üzrə məruzələr təqdim edilib. Gənc alimlər və tədqiqatçılar öz çıxışlarında mövcud qlobal çağırışlara qarşı alternativ yanaşmalar və gələcəyə dair innovativ perspektivlər irəli sürüblər. Məruzələrdə dayanıqlı inkişaf, ekoloji təhlükəsizlik, rəqəmsallaşma, təhsil və əmək bazarında yeni trendlər kimi məsələlərə xüsusi diqqət yetirilib.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim olunub. Tədbir iştirakçıları belə forumların gənclərin intellektual inkişafı, tədqiqat mədəniyyətinin formalaşdırılması və qlobal səviyyəli düşüncə tərzinin təşviqində mühüm rol oynadığını qeyd ediblər.



















