Qərbi Kaspi Universitetinin müəllimi Dünya Sağlamlıq Sammitində iştirak edir
Qərbi Kaspi Universitetinin Psixologiya kafedrasının müəllimi Orxan Məcnunov 13-15 oktyabr tarixlərində Almaniyanın Berlin şəhərində keçirilən Dünya Sağlamlıq Sammiti (World Health Summit) və Gənc tədqiqatçıların 6-cı Beynəlxalq Qlobal Sağlamlıq Simpoziumunda iştirak edir.
O,“Natamam ailələrdə uşaqların psixi sağlamlığının qorunmasına yanaşmalar” adlı məruzəsinin təqdimatını həyata keçirir. Qərbi Kaspi Universiteti sammitə ölkə üzrə qatılan yeganə universitet, Orxan Məcnunov isə Azərbaycandan iştirak edən yeganə məruzəçidir.
Hər il Berlində keçirilən sammit sağlamlıq və rifah üçün innovativ üsulları müzakirə edərək dünyanın hər yerindən müxtəlif sahələri təmsil edən iştirakçıları bir araya gətirir. Həm əyani, həm də distant şəkildə iştirakın mümkün olduğu sammit bu il "Daha sağlam dünya üçün güvən yaratmaq" sloqanı ilə keçirilir.



