Beynəlxalq Enerji Xartiyası və Qərbi Kaspi Universiteti arasında memorandum imzalanacaq
Bakıda Energetika Nazirliyi və Enerji Xartiyası Katibliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Enerji Xartiyası Forumu işə başlayıb.
“Texnologiya və siyasət innovasiyaları vasitəsilə enerji keçidinin təmin edilməsi” mövzusuna həsr edilən forumda Energetika naziri Pərviz Şahbazov və Enerji Xartiyasının Baş katibi Urban Rusnak açılış nitqləri ilə çıxış ediblər.
Forum çərçivəsində Qərbi Kaspi Universiteti və Enerji Xartiyası arasında Memorandum da imzalanması nəzərdə tutulur. Memorandum Enerji Xartiyası Müqaviləsi və Beynəlxalq Enerji Xartiyası Prosesi ilə əlaqəli mövzularda akademik tədqiqatların aparılması və tədbirlərin təşkilini istiqamətləndirəcək.
Sənədə əsasən Qərbi Kaspi Universitetinin tələbələri Xartiyanın Brüsseldəki mənzil qərargahında, təşkilat tərəfindən müəyyən edilmiş ümumi tənzimləmə altında təcrübə keçmək, təqaüd proqramlarından yararlanmaq imkanı əldə edəcəklər.
Eyni zamanda birgə tədbirlərin təşkili, universitet müəllimlərinin elmi tədqiqata cəlb olunması əməkdaşlığın əsas istiqamətlərini təşkil edəcək.