“Bir vərəq-Bir yarpaq” layihəsi çərçivəsində təlimlər keçirilib
Qərbi Kaspi Universitetinin müəllim və tələbələrinin “İdeyanı Reallaşdır 2022” Qrant müsabiqəsində qalib olduğu “Bir vərəq-Bir yarpaq” layihəsi çərçivəsində üç günlük təlimlər keçirilib.
Azərbaycan Gənclər fondunun dəstəyi və Qərbi Kaspi Universitetinin tərəfdaşlığı ilə reallaşan layihənin təlimləri universitetin Mühəndislik korpusunda baş tutmuşdur.
Təlimin ilk günündə layihənin mentoru, Qərbi Kaspi Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Günay Həsənova açılış etmiş, universitetin tələbələrinin bir çox startap və hakaton yarışlarında qalibiyyətləri və uğurları barədə danışmışdır. Layihə rəhbəri Qərbi Kaspi universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik fakültəsinin üçüncü kurs tələbəsi Tünzalə Məcidova isə çıxış edərək gənclərə ideyalarının necə yaranması və hazırlanması, eləcə də layihənin əsas məqsədləri, gözlənilən nəticələr haqqında məlumat vermişdir.
Təlimçi gənc ekoloq Günel Şirinli “Dünyada və ölkəmizdə kağız israfının qarşısının alınması” mövzusunda çıxış etmişdir. Təlim boyu iştirakçılarla maraqlı oyunlar keçiririlmiş və komanda tapşırıqları icra edilmişdir.
Təlimin ikinci günündə Qərbi Kaspi Universitetinin müəllimləri, Proqramlaşdırma və informasiya təhlükəsizliyi kafedrasının müdiri Fariz Həsənli“Rəqəmsallaşmanın kağız istifadəsinə müsbət təsirləri”, Ekologiya kafedrasının müdiri dosent Təranə Poladova “Kağız emalının ekoloji mühitə vurduğu zərərlər”, Təbiət elmləri kafedrasının Meşəçilik ixtisasları üzrə müəllimi Ədilağa Məlikov, Coğrafiya üzrə fəlsəfə doktoru Rauf Əmənov meşələrin bərpasının aktuallığı, sağlam gələcəyin təminatı, ekoloji problemlər, onların səbəbləri və həlli yolları, eləcə də kağız israfının qarşısının alınması və ağciyərlərimizin qorunması mövzusunda çıxışlar edərək, gənclərə maarifləndirici məlumatlar vermişlər.
Tədbirdə layihənin dizayneri Universitetin Dizayn fakultəsinin 4-cü kurs tələbəsi Rəvan Kərimov iştirakçılaralayihələrin loqolarının dizayn edilməsi zamanı diqqət ediləcək məqamlara dair maraqlı bilgilər vermişdir.
Bundan başqa təlimlərdə qonaqlar da iştirak etmişdir, bunlardan biri də Əhmədli kənd bələdiyyəsinin sədri Allahverdi Həsənli və əməkdaşı Türkan Sadıqova da olmuşdur.
Hal-hazırda bütün dünyanın qlobal probleminə çevrilmiş "ağciyərlərimizin bərpasına dair maarifləndirmə" mövzusunda keçirilən təlimdə həmçinin Bakıdan və bölgələrdən məktəblilər, tələbə və gənc müəllimlər iştirak etmişdir.
Təlimin sonunda bir-birindən maraqlı və müxtəlif müsabiqələr nəticəsində qalib gəlmiş iştirakçılara hədiyyələr və sertifikatlar təqdim olunmuşdur.
“Bir vərəq gətir, bir yarpaq geri qazan!” şüarı ilə keçirilən layihənin növbəti mərhələsi Bakı şəhərində yerləşən bir neçə orta təhsil məktəblərində maarifləndirmə təlimləri formasında davam etdiriləcək.













