Birinci kurs tələbələri üçün “Oriyentasiya Günü” keçirilib
Qərbi Kaspi Universitetində birinci kurs tələbələrinin universitet həyatı ilə tanışlığı məqsədi ilə “Oriyentasiya Günü” keçirilib.
Tələbələrə universitet həyatı, onun son illərdə əldə etdiyi nailiyyətlər və daha keyfiyyətli təhsilin təmin olunması üçün atılan addımlar barədə məlumat verilib.
Daha sonra ayrı-ayrı ixtisaslar barədə təqdimatlar edilib, universitetin laboratoriya və mərkəzləri, Texnoparkı, burada tələbələr tərəfindən işlənən prototiplərin son illərdə yerli və beynəlxalq müsabiqələrdə qazandığı uğurlar barədə məlumatlar diqqətə çatdırılıb.
Qeyd edilib ki, ötən il ölkəmizin evsahibliyi etdiyi “TEKNOFEST” Aerokosmik və texnologiya festivalında "Sosialyönümlü Texnologiyalar" müsabiqəsinin qalibi universitetimizin məzunlarından ibarət "DEC" komandası olub. Komanda üzvləri mükafatı Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Nobel mükafatı laureatı professor Əziz Səncərdən qəbul ediblər.
Çıxışçılar yeni tələbələri təbrik edib, Qərbi Kaspi Universitetində yaradılmış keyfiyyətli təhsil mühitindən və imkanlarından lazımınca istifadə etməyi tövsiyə ediblər.
Rəsmi hissədən sonra tələbələrin universitet binası, təhsil alacaqları ixtisaslarla ilkin tanışlığı və kiçik tanıtım dərsləri təşkil edilib.









