Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elmi və akademik əməkdaşlığın genişləndirilməsinə dair memorandum imzalanıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında elm və təhsilin inteqrasiyasının gücləndirilməsi, birgə elmi təşəbbüslərin həyata keçirilməsi və akademik tərəfdaşlığın inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq memorandumu imzalanıb.
Memorandumun imzalanması ilə əlaqədar keçirilən görüşdə Coğrafiya İnstitutunun direktoru, coğrafiya elmləri doktoru, dosent Zaur İmrani, Elmi kadr hazırlığı sektorunun müdiri Müseyib Yunusov və Strateji inkişaf, monitorinq və qiymətləndirmə sektorunun müdiri Sərxan Cəfərov iştirak ediblər.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də Coğrafiya İnstitutunun alim və mütəxəssislərinin Qərbi Kaspi Universitetində ustad dərsləri, açıq mühazirələr, elmi-praktik seminarlar və təlimlər təşkil etməsi olacaq. Bu tədbirlər vasitəsilə institutun zəngin elmi təcrübəsinin tələbə və gənc tədqiqatçılarla bölüşdürülməsi, onların müasir coğrafi tədqiqat metodları, coğrafi informasiya sistemləri (CİS), məsafədən zondlama texnologiyaları və innovativ elmi yanaşmalarla yaxından tanış olması üçün yeni imkanlar yaradılacaq.
Bununla yanaşı, tərəflər arasında birgə respublika və beynəlxalq elmi konfransların, simpoziumların, elmi forumların, dəyirmi masaların və tematik seminarların təşkili, elmi nəşrlərin hazırlanması, ortaq tədqiqatların aparılması və beynəlxalq elmi layihələrdə birgə
iştirak imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Memorandum çərçivəsində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsi, onların Coğrafiya İnstitutunun laboratoriya və struktur bölmələrinin fəaliyyəti ilə tanışlığı, elmi təcrübə və praktiki biliklərinin artırılması, həmçinin magistrant və doktorantların tədqiqat fəaliyyətinin dəstəklənməsi xüsusi əhəmiyyət daşıyır. Gənc alim və tədqiqatçıların birgə layihələrə cəlb olunması, elmi rəhbərlik və məsləhətləşmə imkanlarının genişləndirilməsi də əməkdaşlığın perspektiv istiqamətləri sırasındadır.
Coğrafiya İnstitutu ilə Qərbi Kaspi Universiteti arasında imzalanmış memorandum yalnız iki qurum arasında əməkdaşlığın
möhkəmləndirilməsinə deyil, həm də elmi potensialın birləşdirilməsinə, nəzəri biliklərlə praktiki təcrübənin uzlaşdırılmasına, gənc mütəxəssislərin yetişdirilməsinə və ölkəmizdə coğrafiya elminin inkişafına xidmət edən yeni təşəbbüslərin reallaşdırılmasına geniş imkanlar açacaq.












