İstanbul Kültür Universitetinin dosenti Qərbi Kaspi Universitetinə səfər edəcək
İstanbul Kültür Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dosenti Çağla Gül Yesevi Qərbi Kaspi Universitetinə səfər edəcək
İstanbul Kültür Universiteti və Qərbi Kaspi Universiteti arasındakı münasibətlər uzun illərdir ki, inkişaf edir.. Bu iki ali təhsil müəssisəsi bir-biri ilə yalnız tələbə mübadilə proqramı əsasında əməkdaşlıq etmir, həm də təcrübə mübadiləsi həyata keçirir. İstanbul Kültür Universitetinin İqtisadiyyat və İnzibati Elmlər Fakültəsinin dosenti dr. Çağla Gül Yesevi də universitetlərarası əlaqələrin şaxələndirilməsi məqsədilə Qərbi Kaspi Universitetinə səfər edəcək.
Qeyd etmək lazımdır ki, Çağla Gül Yesevinin Erasmus+ təcrübə mübadilə proqramı çərçivəsində Universitetimizə gəlişi 10-14 iyul 2023-cü il tarixlərini əhatə edəcək.
Qeyd edək ki, Dos. Çağla Gül Yesevi İstanbul Kültür Universitetinin Beynəlxalq Əlaqələr Şöbəsinin sədridir. Onun tədqiqat sahələri Türk dünyası araşdırmaları, millətçilik, dünya enerji siyasəti və beynəlxalq təşkilatlardır.
O, Gəzi Parkı hadisəsi ilə bağlı layihənin tədqiqatçısı olub, eyni zamanda “Mərkəzi Asiyadan Miqrasiya” tədqiqat layihəsini həyata keçirib. Çağla Gül Yesevi Türk Dövlətləri Təşkilatının dəstəyi ilə “Müstəqilliyin 30 ilində Türk Respublikaları” adlı beynəlxalq tədqiqat layihəsində, həmçinin Britaniya Akademiyasının dəstəyi ilə “Ultramillətçi Səfərbərlik və Radikallaşmaya Aparan Yollar” adlı beynəlxalq tədqiqat layihəsində tədqiqatçı kimi iştirak edib.