"Karabakh GreenTech" hakatonunda Qərbi Kaspi Universiteti qaliblər sırasında yer alıb
"Qarabağın Tərəqqi Naminə" İctimai Birliyi və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə "Qarabağ və Şərqi Zəngəzurda Sərmayə İmkanları" layihəsi çərçivəsində "Karabakh GreenTech" hakatonu başa çatıb.
300-dən çox gəncin qatıldığı bu yarışmada aqrar innovasiyalar və alternativ enerji sahələrində ideyalar təqdim edilib. Onlardan 8-i növbəti mərhələyə vəsiqə qazanaraq ASAN İnnovativ İnkişaf Mərkəzində layihələrini hazırlayıb.
Hakatonun 2-ci günündə isə MVP məhsullar təqdim edilib və 3 komanda qalib gəlib. Qərbi Kaspi Universitetinin ECOPIONEERS komandası qaliblər sırasında yer alıb. Komandanın tərkibi Meşəçilik ixtisasının məzunu Həsənov Eşqəli, Tərcümə ixtisasının tələbəsi Aişə Lətifova və Ekologiya ixtisasının tələbəsi Nicat Yarovdan ibarət olub. Universitetimizin digər komandası isə sertifikat ilə təltif olunub.
Universitetimizin tələbələrinin ideyası Azərbaycanda abadlıq və yaşıllaşdırma sahəsində mühüm addım atılması istiqamətində olub. Yerli istehsal olan Püskürtmə Çim texnologiyasının tətbiqi ilə yaşıl ərazilərdə suya qənaət edilə, yaşıllıqların estetik və səmərəli şəkildə böyüməsi təmin oluna bilər. Bu xüsusi qarışımın tərkibində 7 fərqli ağac kökü, 2 fərqli gübrə və digər təbii materiallar var. Bu innovativ üsul bərabər böyümə şəraitini təmin edir, toxum və gübrələri homojen şəkildə səpməklə ətraf mühitə təsiri minimuma endirir.
Layihə su sərfiyyatını 30% azaldaraq yaşıllıq sahələrinin sağlam və estetik görünüşə sahib olmasını təmin edib. Komanda Püskürtmə Çim texnologiyası ilə ənənəvi üsullarla müqayisədə daha aşağı xərclər və yüksək səmərəlilik təklif edir. Bu startap abadlıq və ətraf mühitin qorunması üçün davamlılığın təmin edilməsi istiqamətində əhəmiyyətli bir addımdır.
Qarışım sayəsində deqredasiyaya uğramış, təbii ot örtüyü yanmış, aşınmalara məruz qalmış ərazilər yenidən canlandırıla bilər. Yerli bələdiyyələr və yaşıllaşdırma şirkətləri ilə əməkdaşlıq edərək komanda Azərbaycanda yaşıllıqların abadlaşdırılmasında inqilab etməyi hədəfləyir. Komanda yerli istehsal texnologiyaları daha geniş auditoriyaya çatdırmaq və ekoloji cəhətdən daha təmiz yaşıllıq əldə etməyin yollarını beynəlxalq bazarlara çıxarmaq üçün səyləri davam etdirir. Əsas hədəf isə Qarabağ inzibati zonasında məhv edilmiş yaşıllıq zolaqlarının bərpa edilməsi, yenidənqurma işlərində yerli məhsullardan istifadə etməkdir.
Qeyd edək ki, hakatonun münsiflər heyəti ölkəmizdə fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələridir. Bu qurumlara Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi, “İnnovasiyalar Mərkəzi” MMC, “Kapital Bank” ASC və digərləri aiddir.
Xatırladaq ki, “Karabakh GreenTech” hakatonuna ümumilikdə 96 komandadan 300-dən çox gəncin müraciəti qeydə alınıb. Onlardan 17 komanda olmaqla ümumilikdə 65-dən çox gənc hakatonda iştirak hüququ qazanıb. Hakaton üzrə final mərhələsində 3 ideya qalib elan edilib və qalib komandaların məhsulları COP29 konfransı çərçivəsində “Yaşıl Zona”da nümayiş etdiriləcək. Qaliblərə COP29 konfransınadək biznes inkişafı üçün mentorluq və "co-working" istiqamətində dəstək göstəriləcək.




