“Perlego” onlayn kitab platformasına tələbələrin marağı artmaqdadır
Qərbi Kaspi Universitetində Elmi Kitabxana Mərkəzinin xidmət fəaliyyətinə dair istifadəçilər arasında sorğu keçirilmişdir. Sorğunun əsas məqsədi oxucuların kitabxana xidmətlərindən istifadəsi, eləcə də kitabxananın oxuculara xidmət üzrə iş keyfiyyətinin müəyyən olunması və alınan nəticələrin kitabxananın gələcək inkişafında nəzərə alınmasıdır.
Kitabxana materiallarının əlçatanlığı, oxu zallarında rahat mütaliə və çalışma mühiti, geniş mövzu əhatəsinə malik onlayn dərsliklər və tədqiqat resursları, habelə gələcəkdə kitabxananı necə görmək istədikləri barədə oxucu rəylərinin əldə edilməsi də sorğunun əsas hədəfi idi.
Sorğuda ümumilikdə 300-ə yaxın bakalavr və magistr tələbələri iştirak etmişdir. Sorğuya əsasən kitabxananın Əhməd Rəcəbli korpusu istifadəçilərinin sayına görə (75.6 %) üstünlük təşkil edir. 18.8% oxucu sayı ilə İçərişəhər korpusu ikinci sırada yer alır. Filologiya korpusunda oxu zalının yeni istifadəyə verilməsi ilə əlaqədar müvafiq olaraq 4.1% nəticə göstəricisi ortaya çıxır.
Respondentlərin 33.8%-i kitabxanadan nadir hallarda istifadə etdiyini, 10.2%-i isə ümumiyyətlə istifadə etmədiyini bildirmişdir. İştirakçıların 22.6%-i isə ayda bir neçə dəfə, 22.9%-i həftədə bir neçə dəfə, 8.6% kitabxanadan hər gün gəldiyini bildirmişlər ki, bu onların kitabxananın daimi oxucuları olduğunu göstərir. Bu nəticə göstərir ki, kitabxananın növbəti hədəflərindən biri ümumiyyətlə kitabxanadan istifadə etməyən oxucuların kitabxanaya cəlb edilməsi məsələsidir.
“Kitabxanada ən çox hansı materiallardan və nədən istifadə edirsiniz?” və “Kitabxanadakı materiallar sizi qane edirmi” suallarına oxucuların 35%-i dərsliklərdən, 30.8%-i kompüterlərdən istifadə etdiyini, 53.4%-i kitabxana fondunun onları tam qane etdiyini, 38.7%-i isə qismən qane etdiyini vurğulamışlar. Müasir dövrdə oxucuların əksəriyyəti rəqəmsal formata üstünlük versələr də, ənənəvi çap formatında olan nəşrlər də öz aktuallığını saxlayır.
Universitet kitabxanası tələbə və müəllim heyətinə ümumlikdə sayı 800.000-dən artıq kitab və dərslikləri özündə birləşdirən “PERLEGO” platformasına giriş və istifadə imkanını təmin edir. İştirakçıların 29.3%-i platformadan yararlandığını, 16.5% isə maraqlandığını bildirmişdir.
Sorğunun nəticələri barədə daha ətraflı məlumatı aşağıdakı keçid vasitəsilə əldə etmək olar: https://tinyurl.com/39ae79vn
Kitabxanamızın gələcək inkişafında dəstək olduqlarına görə sorğuda iştirak edən bütün kitabxana istifadəçilərinə təşəkkür edirik !