Qərbi Kaspi Universiteti Beynəlxalq Elmi Tədqiqatlarını uğurla davam etdirir
Xəzər Elmi-Tədqiqat Mərkəzi beynəlxalq əməkdaşlıqla biomüxtəlifliyin öyrənilməsində mühüm addımlar atır
Son illərdə Qərbi Kaspi Universiteti elmin inkişafı, beynəlxalq əlaqələrin genişləndirilməsi və tədqiqat mədəniyyətinin təşviqi sahəsində mühüm uğurlara imza atıb. Universitetin müasir laboratoriyaları, elmi-tədqiqat institutları, mərkəzləri və dünya alimləri ilə əməkdaşlıq platformaları Azərbaycan elminə və regionun dayanıqlı inkişafına ciddi töhfələr verməkdədir.
13–17 may 2025-ci il tarixlərində Qərbi Kaspi Universitetinin Xəzər Elmi Tədqiqat Mərkəzində beynəlxalq elmi əməkdaşlıq çərçivəsində əhəmiyyətli tədqiqatlar aparılıb. Rusiyanın Altay Universitetinin professoru, dünya şöhrətli entomoloq Roman Yakovlev, Rusiya Elmlər Akademiyası Zoologiya İnstitutunun (Sankt-Peterburq) böyük elmi işçisi, biologiya elmlər namizədi N.A. Şapoval və Çelyabinsk universitetindən entomoloq Vyaçeslav Doroşkin Universitetin əməkdaşları ilə birlikdə mərkəzdə entomoloji biomüxtəlifliyin öyrənilməsi məqsədilə birgə ekspedisiyada iştirak ediblər.
21–25 may tarixlərində isə Polşa Respublikasının Bytom şəhərində yerləşən “Yuxarı Sileziya” Muzeyinin əməkdaşları – entomoloqlar Andjey Lason və Roman Krolik, Roland Doboş, Voytek Şepanski, Lex Kruşelnitski və Lukaş Matuskeviç də Xəzər Elmi Tədqiqat Mərkəzində aparılan tədqiqatlarda iştirak edərək bölgənin entomoloji faunasının öyrənilməsinə töhfə veriblər.
Bu ekspedisiyalar Xəzər Elmi-Tədqiqat Mərkəzinin regionun biomüxtəlifliyinin qorunması və ekosistemlərin elmi əsaslarla tədqiqi sahəsində beynəlxalq əməkdaşlıqlar qurmaq və genişləndirmək istiqamətində atdığı mühüm addımlardan biridir.
Qərbi Kaspi Universiteti bu kimi beynəlxalq layihələrlə təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzəryanı regionun ekoloji tədqiqatları və elmi əməkdaşlığı üçün strateji mərkəzə çevrilməkdədir.





