Qərbi Kaspi Universitetində turizm və otelçilik üzrə beynəlxalq mühazirə: Macarıstan təcrübəsi.
Qərbi Kaspi Universitetində keçirilən beynəlxalq mühazirələr silsiləsi davam edir. Bu dəfə universitetimizin qonağı Macarıstanın Panoniya Universitetinin tanınmış dosenti, turizm sahəsinin təcrübəli mütəxəssisi Kitti Hiezl olub.
Dosent Hiezl tələbələrlə görüşündə turizm və otelçilik sahəsində dünyada baş verən son yeniliklər, rəqəmsallaşmanın sektora təsiri, dayanıqlı turizmin inkişafı və müasir otel idarəetməsi mövzularında dərin və maraqlı mühazirə təqdim edib. O, Avropa turizm sənayesində müşahidə olunan tendensiyalardan, Macarıstanda tətbiq olunan qabaqcıl yanaşmalardan danışaraq
Qərbi Kaspi tələbələri ilə öz təcrübəsini bölüşüb.
Mühazirə boyunca tələbələr interaktiv şəkildə iştirak edərək müxtəlif suallar ünvanlayıb, sektorda karyera imkanları, beynəlxalq təcrübə proqramları və Macarıstanda təhsil perspektivləri ilə maraqlanıblar. Kitti Hiezl tələbələrə öz tövsiyələrini verərək onları daha geniş baxış bucağına sahib olmağa və qlobal əmək bazarına hazırlaşmağa həvəsləndirib.
Bu kimi görüşlər tələbələrə təkcə nəzəri bilik deyil, həm də real sektorla bağlı dəyərli təcrübələr qazandırır.