QƏRBİ KASPİ UNİVERSİTETİNİN NÜMAYƏNDƏLƏRİ BİRİNCİ AZƏRBAYCAN REGİONAL AKVAKULTURA FORUMUNDA İŞTİRAK EDİBLƏR
5 noyabr 2026-cı il tarixində Bakı şəhərində, “Hilton Baku” mehmanxanasında Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə “Birinci Azərbaycan Regional Akvakultura Forumu” keçirilib.
Forumda Qərbi Kaspi Universitetini Təbiət Elmləri Kafedrasının müdiri, b.ü.f.d. Ayaz Məmmədov və Biotexnologiya və Qida mühəndisliyi kafedrasının müdiri, b.ü.f.d. Vüsalə Süleymanova təmsil ediblər.
Tədbirdə Azərbaycanda akvakultura və balıqçılıq sahəsinin inkişaf perspektivləri, su bioresurslarının qorunması, müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi mexanizmləri, investisiya imkanları və regional əməkdaşlıq məsələləri müzakirə olunub. Forumda Azərbaycanla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan və Türkmənistanın müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və özəl sektorun nümayəndələri də iştirak ediblər.
Universitet əməkdaşlarının forumda iştirakı akvakultura, su bioresursları, biologiya və biotexnologiya istiqamətlərində müasir elmi-praktik yanaşmaların öyrənilməsi, sahə üzrə yerli və beynəlxalq mütəxəssislərlə əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Əldə olunan təcrübə və qurulan əməkdaşlıq əlaqələri universitetdə tədris prosesinin müasir tələblərə uyğun təkmilləşdirilməsinə, elmi-tədqiqat fəaliyyətinin inkişafına, tələbələrin praktiki bilik və bacarıqlarının artırılmasına, eləcə də gələcək birgə elmi layihələrin həyata keçirilməsinə töhfə verə bilər.
Qərbi Kaspi Universiteti dövlət qurumları və sənaye sektoru arasında əməkdaşlığın gücləndirilməsini, elmi biliklərin praktiki fəaliyyətlə əlaqələndirilməsini və müasir innovativ yanaşmaların tədrisə inteqrasiyasını prioritet istiqamətlərdən biri kimi dəstəkləyir.