Qərbi Kaspi Universitetinin əməkdaşı beynəlxalq səviyyəli regional tədbirdə iştirak edib.
Qərbi Kaspi Universitetinin Təbiət Elmləri kafedrasının müdiri, biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov 19–23 may 2025-ci il tarixlərində Gürcüstanın Stepantsminda qəsəbəsində Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP), Qafqaz Dağ Regionlarının Davamlı İnkişafı Şəbəkəsi və Dağ Tədqiqatları Təşkilatının (MRI) birgə təşkilatçılığı ilə “Cənubi Qafqazda Xüsusi Fokusla Kriosfer üzrə Regional Uyğunlaşma Dialoqu” adlı beynəlxalq tədbirdə iştirak etmişdir.
Regional səviyyədə iqlim dəyişikliyi və kriyosferin dəyişən çağırışları ilə bağlı təşkil olunan dialoqun əsas məqsədi regionda qar və buz örtüyündə baş verən dəyişikliklərə uyğunlaşma yollarının müəyyən olunması, bu sahədə kritik ehtiyacların təhlili, iqlim ssenarilərinə dair proqnozların müzakirəsi və təcrübə mübadiləsinin aparılması olmuşdur.
Tədbir çərçivəsində Cənubi Qafqaz regionunda buzlaqların və qar örtüyünün dəyişməsini izləmək və qiymətləndirmək üçün milli və regional səviyyədə mövcud bacarıqlar, erkən xəbərdarlıq sistemləri, riskin azaldılması tədbirləri, həmçinin yerli dözümlülüyün artırılması imkanları müzakirə olunmuşdur. Bununla yanaşı, dəyişən buz və qar şəraitində su resurslarının idarə olunması, uyğunlaşma planları və siyasətləri, kriyosferə aid itkilər və zərərlərin hesablanması üçün metodoloji yanaşmalar üzrə açıq fikir mübadiləsi aparılmışdır.
Tədbir zamanı Ayaz Məmmədov iştirakçılara Qərbi Kaspi Universitetinin nəzdində fəaliyyət göstərən Dağ Biomüxtəlifliyi, Landşaft və Mədəniyyət Tədqiqat İnstitutunun elmi-tədqiqat istiqamətləri və fəaliyyəti barədə təqdimatla çıxış etmiş, institutun regional ekosistemlərin qorunmasına və davamlı inkişafına töhfə verən layihələri haqqında ətraflı məlumat vermişdir.




