Qərbi Kaspi Universitetinin tələbəsi Avropada təhsil almaq imkanı qazanıb
Qərbi Kaspi Universitetinin tələbəsi Səid Abdullayev Erasmus+ proqramı çərçivəsində Macarıstanın Vesprem şəhərində yerləşən, Pannonia Universitetində təhsil almaq imkanı qazanıb. Bu beynəlxalq akademik səyahət ona yeni biliklər əldə etməklə yanaşı, fərqli mədəniyyətlər və təhsil sistemləri ilə tanış olmaq fürsəti yaradıb.
Təhsil aldığı müddətdə Səid Abdullayev Pannonia Universitetinin müasir akademik mühiti və peşəkar professor-müəllim heyətindən faydalanıb. O, ixtisasına uyğun dərslərdə iştirak edərək nəzəri və praktiki biliklərini artırıb, eləcə də müxtəlif beynəlxalq layihələrdə yer almaqla öz potensialını daha da genişləndirib.
Bundan əlavə, Erasmus+ proqramı tələbəmizə dünyanın müxtəlif ölkələrindən olan gənclərlə ünsiyyət qurmaq, yeni dostluqlar yaratmaq və beynəlxalq təhsil mühitində özünü inkişaf etdirmək şansı verib. Macarıstanın zəngin tarixi və mədəni irsini kəşf edərək, bu ölkənin tələbə həyatı və akademik mühiti haqqında dəyərli təcrübə qazanıb.
Bu təhsil və mədəniyyət mübadiləsi tələbəmizin şəxsi və peşəkar inkişafına böyük töhfə verərək onun dünya görüşünü genişləndirib və gələcək karyerasında uğurlu addımlar atmasına zəmin yaradıb.



