Qərbi KaspiUniversitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.
Qərbi Kaspi Universitetinin tələbəsi “Qarabağ Hakatonu 2026”nın qalibi olub.
Universitetimizin İnnovativ Mühəndislik və Təbiət Elmləri Məktəbinin biologiya ixtisasında təhsil alan tələbə Süleyman Hacızadə “Qarabağ Hakatonu 2026” çərçivəsində keçirilən yarışmada birinci yeri qazanıb.
14–16 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində təşkil olunan yarışma Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası, yenidən qurulması və davamlı inkişafına yönəlmiş innovativ həllərin təşviqini hədəfləyib. Tədbir “Şəhərsalma və Memarlıq İli” çərçivəsində, 6-cı Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı Sərgisi zamanı keçirilib.
Süleyman Hacızadənin qalib olduğu “InvestArea” layihəsi kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə investisiyaların cəlb edilməsini asanlaşdırmaq məqsədilə hazırlanmış vahid
dövlət portalının prototipidir. Platforma torpaq sahələri barədə məlumatların əlçatanlığını artırmağı, investorların qərarvermə prosesini asanlaşdırmağı və aqrar sektorda şəffaflığı gücləndirməyi nəzərdə tutur.
Yarışma çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı və inkubasiya və akselerasiya mərkəzlərinin tərəfdaşlığı ilə keçirilən “Agro Hackathon 2026” iştirakçıların 44 saat 44 dəqiqə 44 saniyə ərzində verilmiş texniki tapşırığa uyğun texnoloji həllər hazırlamasını tələb edib.
“InvestArea” layihəsi işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialının qiymətləndirilməsi, aqrar sahəyə investisiyaların təşviqi və rəqəmsal idarəetmənin inkişafı baxımından əhəmiyyət daşıyır.






