Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

"II Dünya Müharibəsi və Azərbaycan" mövzusuna həsr olunmuş konfrans keçirildi!

Noyabrın 19-da Qərb Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.A.Bakıxanov adına Tarix institutunun birgə təşkilatçılığı ilə "İkinci Dünya müharibəsi və Azərbaycan” mövzusunda elmi konfrans keçirilib.

Konfransda Qərb Universitetinin rektoru, dosent Zenfira Məmmədova Qərb Universitetii ilə Tarix İnstitutunun sıx əməkdaşlıq etdiyini qeyd edib. Həmçinin, Azərbaycan elminin inkişafında və tarix elmimizin daha dərindən öyrənilməsində AMEA-nın və tarixçi alimlərimizin rolunu xüsusi vurğulayıb.

Tədbirdə Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov çıxış edərək 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbədə Azərbaycanın yeri və rolundan danışıb. Yaqub Mahmudov bu mövzunun yenidən ətraflı araşdırılmasına böyük ehtiyac olduğunu vurğulayıb. Y.Mahmudov müxtəlif vaxtlarda xalqımıza qarşı həyata keçirilən soyqırımı siyasətindən söz açıb, qədim dövrlərdən başlayaraq bu günədək tarixi torpaqlarımızın işğalçılar tərəfindən zəbt edildiyini söyləyib.

Qeyd edilib ki, İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin digər xalqları kimi Azərbaycan xalqı da həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıqlar göstərib. İkinci Dünya müharibəsində döyüşən ordunun yanacaqla təminatında və faşizm üzərində Qələbədə Bakı neftinin, Azərbaycan alimlərinin, xalqımızın xüsusi yeri və rolu vardır. Qeyd olunub ki, zəngin təbii sərvətlərə və əlverişli coğrafi mövqeyə malik olan ölkəmiz İkinci Dünya müharibəsi illərində iri dövlətlərin strateji planlarında mühüm yer tuturdu.

Tarix İnstitutu direktorunun müavini, professor Cəbi Bəhramov isə öz çıxışında müharibə dövründə Bakı neftinin beynəlxalq və hərbi strateji əhəmiyyətindən danışıb. O, Azərbaycan xalqının nümayiş etdirdiyi qəhrəmanlığı, cəbhədə əsgərlərimizin göstərdikləri igidlikləri tarixi faktlarla diqqətə çatdırıb. 1941-1945-ci illər müharibəsində Azərbaycandan orduya 700 minədək insan səfərbər olub ki, onların təxminən 11 min nəfərini qadınlar təşkil edib. Onlardan bir çoxu müharibənin gedişində böyük igidliklər göstərərək adını tarixin səhifələrinə qızıl hərflərlə yazıb. Bu illərdə SSRİ-də 110 milyon ton neft istehsal olunub ki, bunun 75,2 milyon tonu dörd ildə ölkəmizdə hasil edilib. Azərbaycan xalqının müharibəyə maddi yardımı da misilsiz olub.

Konfransda "İkinci Dünya müharibəsi və Bakı nefti”, "İkinci dünya müharibəsi haqqında tarixi yaddaş və nəsillərin varisliyi”, "Azərbaycanlılar İkinci Dünya müharibəsi cəbhələrində” və digər mövzularda məruzələr dinlənilib.