Qərbi Kaspi Universitetində İnnovativ Təhsil Konfransı keçirilib
Qərbi Kaspi Universitetində tədqiqatçıların, pedaqoq və təhsil mütəxəssislərinin iştirakı ilə İnnovativ Təhsil Konfransı keçirilib. Konfransda metodologiyalarda innovativ yeniliklərin, təhsil sahəsində innovasiyaların tətbiqi problemləri, riyazi modelləşdirmələrin tətbiqi, elmlərin konvergensiyası və inteqrasiyası məsələləri ilə bağlı çıxışlar, müzakirələr aparılıb, elm sahələrinə kompleks yanaşmanın yeni elmi nailiyyətlərə yol açacağı diqqətə çatdırılıb. Özündə STEAM (Science, Technology, Engineering, Art, Mathematic – Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) fəlsəfəsini ehtiva edən metodologiyanın təhsilin bütün səviyyələrində tətbiq edilməsi istiqamətində elmi araşdırmaların aparılmasının vacibliyi qeyd edilib, bu fəlsəfəyə söykənən təhsil ilə əlaqədar proqramlar, konsepsiya və təkliflərin hazırlanaraq tətbiqi imkanları nəzərdən keçirilib.
Qeyd edilib ki, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilərək tətbiqi təhsilin keyfiyyətinin artmasına xidmət edə, nəticədə ölkə iqtisadiyyatının inkişafına töhfə verə bilər.
Sonda konfrans iştirakçılarına sertifikatlar təqdim edilib.