Norveçli alim Tur Heyerdal anılıb
Qərbi Kaspi Universitetində dünyaşöhrətli norveçli alim, etnoqraf, səyyah, universitetin fəxri professoru Tur Heyerdalın anım günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə çıxış edən Qərbi Kaspi Universitetinin professoru Hüseyn Bağırov, Filologiya elmlər doktoru, professor, Mingəçevr Dövlət Universitetinin kafedra müdiri Fərəh Cəlil, tarix üzrə fəlsəfə doktoru, dosent Qorxmaz Mustafayev, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti Məlahət Fərəcova alimin elmi fəaliyyətini, Azərbaycanla bağlı araşdırmalarını təhlil ediblər.
Qeyd edək ki, etnoqraf və alim-antropoloq T.Heyerdal məşhur Kon-Tikki ekspedisiyası ilə Sakit okeanı sadəcə sal üzərində keçmişdir.
Azərbaycanla da bağlı tədqiqatlar aparmış alim Qobustanı "açıq səma altında muzey" adlandırmışdır.
Məlumat verilib ki, 12-20 may 2014-cü il tarixində keçirilmiş Tur Heyerdalın 100 illiyinə həsr olunmuş Film Festivalı çərçivəsində Qərbi Kaspi Universitetində Tur Heyerdala həsr olunmuş Sərgi Mərkəzinin açılışı olmuşdur.
Muzeydə alimin sənədli filmləri, qəzet və jurnal məqalələri, ekspedisiyaları haqqında kitablar, bəziləri Tur Heyerdalın özü tərəfindən yazılmış xatirələr, əl yazılı açıqcalar, möhtəşəm səyahətlərindən şəkillər, eləcə də Azərbaycana səfərləri zamanı çəkilmiş fotoların daxil olduğu arxiv materialları sərgilənir.








