Qərbi Kaspi Universitetinin gənc alimi beynəlxalq konfransda çıxış edib
3-6 mart tarixlərində Bakıda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gənc Alim və Mütəxəssislər Şurası tərəfindən “Fundamental və tətbiqi elmlərin müasir problemlərinin həllində multidissiplinar yanaşmalar” mövzusunda II Beynəlxalq elmi konfrans keçirilib.
Beynəlxalq konfransda 15 ölkədən (Kanada, İspaniya, Türkiyə, Almaniya, Misir, Gürcüstan, Macarıstan, Filippin, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Özbəkistan) 300-dən çox gənc alim iştirak edib.
Konfransın “Bugünkü sosial və humanitar problemlər” adlı bölməsində Qərbi Kaspi Universitetinin “Siyasi və ictimai elmlər” fakültəsinin müəllimi Tural Vəlizadə öz elmi məruzəsi ilə diqqət çəkib. Onun “The March Genocide of 1918 in Baku” (“Bakıda 1918-ci il Mart soyqırımı”) adlı elmi məruzəsi konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb. T.Vəlizadə daha sonra bölmə rəhbərlərinin və iştirakçıların müxtəlif suallarını cavablandırıb. Gənc alim konfransın Elmi-təşkilat Komitəsi tərəfindən sertifikatla təltif olunub.
SOCAR-ın Elm Fondunun maliyyə dəstəyi ilə keçirilən tədbir AMEA-nın 75 illiyinə həsr olunub.