Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qərbi Kaspi Universiteti dünyanın ən yaxşı universitetləri sırasında

Qərbi Kaspi Universiteti dünyanın ən yaxşı universitetləri sırasında

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times Higher Education (THE) 2021-ci il üçün “THE İmpact Ranking” reytinqini açıqlayıb.

Dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının  Dayanaqlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə təsirini ölçən reytinqdə Qərbi Kaspi Universiteti 1240-dək dünya universiteti arasında 601+ yerdə qərarlaşıb. Qeyd edək ki, dünyada mövcud olan təxminən 25 min universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il 1240 ali təhsil ocağı reytinqə daxil edilib.

Qərbi Kaspi Universitetinin reytinqdə yüksək yerdə qərarlaşması son illərdə tədrisin keyfiyyətinin artırılması, yeni çağırışlara, dünyanın qabaqcıl universitetlərinin təcrübə və trendlərinə uyğunlaşdırılması istiqamətində ardıcıl səylərin nəticəsidir.

Bununla belə, qeyd etmək istəyirik ki, Qərbi Kaspi Universiteti “THE İmpact Ranking” reytinqinə reytinqə düşmək üçün yox, dünyanın ən yaxşı universitetlərinin qabaqcıl təcrübələrinin inkişaf trendləri ilə uyğunlaşmaq, qlobal təhsil çağırışlarına adekvat cavab vermək imkanında olmaq üçün qoşulub.

Universitetimiz ən yaxşı nəticəni xüsusilə 5 məqsəd üzrə əldə edib və bu istiqamətlərdə dünyanın ən yaxşı 201-300 universitetindən biri olub.

Bu məqsədlər sosial bərabərlik mühitinin inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinə və daha yaxşı qidalanmaya nail olmaq üçün tədris və tədqiqatlarda iştirak, dayanıqlı kənd təsərrüfatının təşviqi, sərfəli və təmiz enerji, dəniz ekosistemin mühafizəsi və tədrisdə bu istiqamət üzrə tədqiqatyönümlü fəaliyyətin gücləndirilməsi, biomüxtəlifliklə bağlı tədrisin düzgün təşkil edilməsi və bunun ictimai əhəmiyyəti, təhsildə və təhsildən kənar bərabərsizliyin aradan qaldırılması mühitinin yaxşılaşdırılması və bu faktorların keyfiyyətli təhsilə təsiri istiqamətləridir.

Eyni zamanda universitet suyun bərabər bölgüsünün, dayanıqlı istehlak və istehsal modellərinə keçidin, iqlim dəyişkənliyinə qarşı mübarizənin  təşviq edilməsi və bu istiqamətlərdə tədqiqatların aparılması mühitinin formalaşdırılması istiqaməti üzrə ən yaxşı 301-400 universitet sırasındadır.

Gender bərabərliyi, inkluziv və dayanıqlı iqtisadi artım, hamı üçün məşğulluğu və layiqli əmək mühitinin təşviqi üzrə isə 401-600-cü yerlərdə qərarlaşıb.

Eyni zamanda tədrisin keyfiyyət göstəricisinə görə də universitetin fəalliyəti reytinqin orta göstəricisindən yüksək qiymətləndirilib.

Qeyd edək ki, reytinq Birləşmiş Millətlər Təşkilatının 2030-cu ilə qədərki dövr üçün formalaşdırdığı Davamlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi prosesinə ali məktəblərin təsirinin qiymətləndirilməsinə həsr olunur və universitetlərin bu məqsədlərin həyata keçirilməsi əsasında təşkili, tədrisin keyfiyyəti və cəmiyyətə bu məqsədlərə uyğun olaraq verdiyi töhfə üzrə qiymətləndirmə aparır.

Müəllim və tələbələrimizi bu uğur münasibəti ilə təbrik edir, Azərbaycan təhsilinin inkişafı və onun dünya təhsil sisteminin qabaqcıl modellərindən birinə çevrilməsi istiqamətində fəaliyyətimizi ardıcıl olaraq birlikdə davam etdirəcəyik.

Reytinqlə tam olaraq aşağıdakı keçiddən tanış olmaq olar:

https://www.timeshighereducation.com/world-university-rankings/western-caspian-university