QKU-da bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib
Qərbi Kaspi Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan bədii yaradıcılıq müsabiqə-festivalının seçim mərhələsi keçirilib.
Seçim mərhələsində tələbələr 2 nominasiya üzrə “vokal” və “xor kollektivi” nominasiyası üzrə çıxış ediblər.
Azərbaycanın xalq artistləri, əməkdar incəsənət xadimləri və tanınmış mədəniyyət nümayəndələrindən ibarət münsiflər heyəti çıxışları dəyərləndirib.
Münsiflər tələbələrin yaradıcılığını və milli ruhda hazırladıqları səhnə çıxışlarını yüksək qiymətləndiriblər.
Seçim mərhələsinin nəticələrinə əsasən finala vəsiqə qazanan iştirakçılar yaxın günlərdə keçiriləcək yekun mərhələdə öz bacarıqlarını bir daha nümayiş etdirəcəklər.
Tədbir Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin birgə layihəsi kimi həyata keçirilir.
Layihənin əsas məqsədi gənclərə milli vətənpərvərlik ruhu aşılamaq, onları mədəniyyətimizə, incəsənətimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin müxtəlif növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, eləcə də onların qabiliyyətlərinin inkişafına dəstək verməkdir.
Xatırladaq ki, 2024 və 2025-ci illərdə keçirilən sözügedən müsabiqədə Xor kollektivi 1- ci yerə layiq görülüb.