QKU-da “Hesablama bioriyaziyyatı”nı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub
Qərbi Kaspi Universitetinin Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin Biologiya və Su Bioehtiyyatları və Akvakultura ixtisaslarının tələbələrinə “Hesablama bioriyaziyyatı” (Computational Biomathematics) üzrə xüsusi kurs keçirilib.
Xüsusi kurs Qərbi Kaspi Universitetinin Fəxri Professoru Florian Ruppun rəhbərliyi ilə baş tutub.
Almaniyalı riyaziyyatçı və tədqiqatçı Prof. Florian Rupp Münhen Bundesver Universitetinin professoru, “Hurwitz Society”nin vitse-prezidenti və Kutaisi Beynəlxalq Universitetinin müəllimi kimi fəaliyyət göstərir.
Burada müasir biomodelləşdirmə və süni intellekt yanaşmaları təqdim olunub. İlkin mərhələdə Wa-Tor modeli vasitəsilə su ekosistemlərinin populyasiyaları arasındakı qarşılıqlı əlaqələr tədqiq edilib. Bu proses Python proqramlaşdırma dilindən istifadə edilərək simulyasiya şəklində hazırlanıb.
Eləcə də süni intellektin proqramlaşdırmada rolu və bioloji problemlərin həllində tətbiqi izah olunub. Bioloji proseslərin riyazi modellərlə ifadəsi göstərilib.
Yekunda tələbələrə qrup layihəsi tapşırılıb, iştirakçılar proqramlaşdırma üsullarından istifadə etməklə bioloji problemlərin həlli istiqamətində araşdırmalar aparıblar.
Təlimi uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub.