Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Qlobal Forum keçirilib

Times Higher Education və Qərbi Kaspi Universitetinin birgə tərəfdaşlığı ilə BMT-nin 4-cü dayanıqlı inkişaf məqsədi olan keyfiyyətli təhsilə həsr olunmuş “Təhsilə transformativ yanaşma” mövzusunda Qərbi Kaspi Universitetinin evsahibliyi ilə Qlobal Forum keçirilib.

 Dünyanın 100-ədək ölkəsindən 1000-ə yaxın universitet nümayəndəsi, alim və tədqiqatçının iştirak etdiyi Forumu giriş sözü ilə Times Higher Education təşkilatının Biliklər üzrə baş meneceri Phil Baty açıb. O, tədris prosesinin keçən bir il ərzində koronavirus pandemiyası səbəbindən ciddi çağırışlar və çətinliklərlə üzləşdiyini, nəticədə dünyanın ənənəvi təhsildən onlayn təhsilə transformasiya etməyə məcbur olduğunu qeyd edib. Phil Baty bildirib ki, yüz milyonlarla insan bu proses səbəbilə təhsil almaq hüququndan məhrum olub. O, bu forumda Beynəlxalq Millətlər Təşkilatının 4-cü dayanıqlı inkişaf məqsədi olan keyfiyyətli təhsilin təmin olunmasında yeni yanaşmaların müzakirə ediləcəyi və təhsilin gələcəyi ilə bağlı fikir mübadiləsinin aparılacağını qeyd edib. 

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Elm və Təhsil Komitəsinin üzvü Şahin Seyidzadə Azərbaycanın pandemiya dövründə tətbiq etdiyi təcrübə barədə iştirakçıları məlumatlandırıb.

Daha sonra Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırovun çıxışı olub. Professor qeyd edib ki, müasir təhsil sistemi dar ixtisaslaşma çərçivəsində qurulub və bu da bugünkü çağırışlara uyğun deyil: “Biz təhsilə holistik yanaşmanı tətbiq etməliyik. Dinamik iqtisadi inkişaf və keyfiyyətli təhsil arasında bir vəhdət var. İnkişaf etmiş ölkələr təhsil siyasətlərini və sistemlərini daim modifikasiya edirlər ki, dövrün tələblərinə uyğunlaşa bilsinlər. Hazırda həmin ölkələrdə tətbiq olunan STEM yanaşması hələ ki, yalnız mühəndislik və dəqiq elmlər sahələrini əhatə edir. Əslində, STEM-ə təkcə orta məktəblər üçün deyil, ali təhsil müəssisələrində də bütün ixtisaslara tətbiq olunması labüd olan bir yanaşma kimi baxılmalıdır. Nəticədə universitetlər müxtəlif, bir-biri ilə əlaqəsi olmayan elmlər və peşələr üzrə kadrlar hazırlamaq yox, cəmiyyətin bütün səviyyələrində, müxtəlif platformalarda bəşəriyyətin qarşısında dayanan problemləri görmək bacarığı olan, onların həlli yollarını araşdıra bilən, komandada çalışa bilən, universal biliklərə sahib, problem həll etmək üçün lazım olan bilik və məlumatları özü müstəqil şəkildə əldə edə bilən mütəxəssisləri hazırlamaq prioritetinin həllinə nail ola bilər”.

Daha sonra bir sıra nüfuzlu universitetlərin alim və tədqiqatçılarının çıxışları dinlənilib, postpandemiya dövrünün yaratdığı yeni qlobal trendlər, bu sahədə problemlər və perspektivlər nəzərdən keçirilib.

UNESCO-nun həyatboyu öyrənmə institutunun direktoru David Atchoatena, Avropa Universitetlər Assosiasiyasının İnstitutsional inkişaf şöbəsinin müdiri Tia Loukkola, dünyaşöhrətli azərbaycanlı alim, Qərbi Kaspi Universitetinin fəxri, görkəmli professoru Məsud Əfəndiyev, Milli Məclisinin deputatı Pərvin Kərimzadə,  ADA Universitetinin prorektoru  Fariz İsmayılzadə, Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli, Aukland Universitetinin prorektoru Dawn Freshwater, Charles Hopkins York Universitetinin UNESCO kafedrasının müdiri Charles Hopkins və digərlərinin çıxışlarında müxtəlif ölkələrin və ali təhsil ocaqlarının təcrübəsi diqqətə çatdırılıb, problemlər və perspektivlər müzakirə edilib.