Qərbi Kaspi Universitetində elmi-praktik konfrans keçirilib
Qərbi Kaspi Universitetində Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tələbə Elmi-Praktik Respublika konfransı keçirilib.
Konfransda Ümummilli lider Heydər Əliyev irsi və müasir Azərbaycan fəlsəfəsi, daxili və xarici siyasəti, milli-mənəvi dəyərlər, enerji strategiyası, elm, təhsil, mədəniyyət və digər mövzularında məruzələr dinlənilib.Konfransda BDU, ADPU, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və b. ali təhsil ocaqlarından tələbə və magistrlar iştirak ediblər.
Açılış tədbirində çıxış edən universitetin rektoru Andris Leitas qeyd edib ki, ulu öndər Azərbaycanın və regionun taleyindəki əhəmiyyətli roluna, xidmətlərinə görə bütün dünyada rəğbət bəslənən siyasətçilərdən biridir: “Mən Azərbaycandan 3000 km uzaqlıqda yerləşən ölkədən – Latviyadanam. Bildirim ki, bizim ölkədə də Heydər Əliyevi tanıyır və böyük ehtiramla yanaşırdılar. Bu gün Azərbaycan həqiqətən də yüksək inkişaf səviyyəsi əldə etmiş bir ölkədir. Bu tərəqqi həm də dahi siyasətçinin xidmətlərinin nəticəsidir”.
Rektor konfrans iştirakçılarına Qərbi Kaspi Universitetinin fəaliyyəti barədə də məlumat verərək bu təhsil ocağının müstəqil Azərbaycanla bərabər addımladığını və bu illər ərzində ölkəmizin təhsil uğurlarını zənginləşdirən mühüm nailiyyətlər əldə etdiyini, savadlı, intellektual, milli-mənəvi dəyərlərə bağlı, eyni zamanda tolerant gənc nəsilin yetişməsinə töhvələr verdiyini qeyd edib: “Bu gün dünyanın aparıcı universitetləri ilə əməkdaşlıq şəraitində tədris proqramlarımızı təkmilləşdiririk. Eyni zamanda universitetin infrastrukturunun, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı addımlar atılır. Peşəkar mühəndis hazırlığı aparmaq üçün Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də praktik çalışmalar üçün Texnopark qurulub. Ötən il bizim universitetdə təhsil almaq istəyənlərin sayı 6 dəfə artdı. Azərbaycanın sağlam gələcəyinin, dahi siyasətçi Heydər Əliyevin ideyalarına uyğun gənc nəsilin yetişməsi üçün əlimizdən gələni edirik”.
Daha sonra AMEA-nın Tarix İnstitutunun direktor müavini, professor Cəbi Bəhramun, Qərbi Kaspi Universitetinin fəxri professoru Fikrət Sadıxovun, universitetin “İctimai elmlər” kafedrasının müdiri, dosent Ağa Mirələmin və başqalarının məruzələri dinlənilib.
Məruzələrdə vurğulanıb ki, ulu öndər Azərbaycan siyasi sisteminin yaradıcısı, azərbaycançılıq ideologiyasının banisi kimi Azərbaycan tarixində əbədi yaşayacaq. Azərbaycanın bugünkü inkişafı və bütün sahələrdə əldə etdiyi nailiyyətlərin əsasında ulu öndərin müəyyən etdiyi siyasi strategiya dayanır.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirilib.
Konfrans bölmə iclaslarında işini davam etdirib.