Tələbəmiz təhsilini Polşada davam etdirəcək
Qərbi Kaspi Universitetinin "Turizm işinin təşkili" ixtisasının 2-ci kurs tələbəsi Elcan Süleymanlı təhsilini növbəti semestr ərzində "Erasmus+" mübadilə proqramı çərçivəsində Polşanın Nikolay Kopernik Universitetində davam etdirəcək.
Müsabiqənin yekunları ilə bağlı keçirilən tədbirdə universitetin Qəyyumlar Şurasının sədri professor Hüseyn Bağırov tələbələrə universitetin beynəlxalq əməkdaşlıq əlaqələri yönündə atdığı addımlar, qabaqcıl təhsil standartlarına çatmaq üçün universitetin strategiyası, eləcə də xaricdə təhsil proqramlarına seçim zamanı müəyyən edilmiş meyarlar, universitetin bu yöndə yanaşmasından bəhs edib.
Bildirilib ki, şəffaf və açıq şəkildə keçirilən seçim mərhələsində qaliblərin seçilməsində seçim komitəsi tərəfindən 3 meyar - tələbələrin akademik göstəriciləri, ingilis dili bilikləri və sosial fəallığı əsas götürülür.
Tədbirdə Beynəlxalq Əlaqələr Şöbəsinin Erasmus nümayəndəsi Sevinc Məmmədova və Tələbə Məlumat Mərkəzinin rəhbəri Urfan Sərkərov da çıxışı edərək universitetin bir sıra layihələri, əməkdaşlıq əlaqələri barədə tələbələri məlumatlandırıblar.