Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş konfrans keçirilib

Qərbi Kaspi Universitetində Ümummilli lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş XXIV tələbə Respublika Elmi-Praktik konfransı keçirilib.
Açılışda çıxış edən universitetin rektoru, professor Andris Leitas Ulu Öndər Heydər Əliyevin bütün dünyada, eyni zamanda keçmiş SSRİ ölkələrində dahi siyasətçi kimi tanındığını, Azərbaycan dövlətinin və xalqının taleyində mühüm rol oynadığını qeyd edib. Rektor Qərbi Kaspi Universitetinin elmi tədqiqata xüsusi diqqət ayırdığını, universitetin mövcud elmi potensialını tədqiqat sahəsinə yönləndirməyə çalışdığını diqqətə çatdırıb.

Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseynqulu Bağırov dahi liderin müstəqil Azərbaycanın yaranması və möhkəmlənməsindəki xidmətlərindən danışıb, konfransın əhəmiyyətinə toxunaraq bildirib ki, ulu öndərin siyasi irsinin araşdırılması olduqca vacibdir.

Konfransda müstəqil Azərbaycanın hüquqi dövlət quruculuğunda Heydər Əliyevin rolu, Heydər Əliyev və Azərbaycan tarixi, Azərbaycanın daxili siyasət kursu, xarici siyasət konsepsiyası, Heydər Əliyev və müstəqil Azərbaycanın iqtisadi islahatları, Elm, təhsil və mədəniyyətin inkişafında Heydər Əliyev faktoru, Heydər Əliyev və Azərbaycan ədəbiyyatı, Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz, Heydər Əliyev və müstəqil Azərbaycan Respublikasının neft strategiyası, Azərbaycan - multikulturalizm modeli kimi və digər mövzular müzakirə edilib. Konfransda Qərbi Kaspi Universiteti ilə yanaşı Bakı Dövlət Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Bakı Mühəndislik Universiteti, Bakı Biznes Universitetindən tələbə və magistrantlar iştirak ediblər.