Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

  • Ana səhifə
  • XƏBƏRLƏR
  • Qərbi Kaspi Universitetində Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetində Qarabağ münaqişəsi ilə bağlı ilin yekunları müzakirə olunub

Qərbi Kaspi Universitetinin Tətbiqi Politologiya Mərkəzinin "Qarabağ münaqişəsi: ilin yekunları" mövzusunda hesabatının təqdimatı və mətbuat konfransı keçirilib.
Mərkəzin rəhbəri, politoloq Elxan Şahinoğlu Tətbiqi Politologiya Mərkəzinin 3 aylıq fəaliyyəti barədə məlumat verib, tələbələrin artıq siyasi təhlilçi kimi analitik materiallar hazırladığını, mətbuatda ekspert qismində çıxış etdiyini diqqətə çatdırıb.
Qarabağ münaqişəsinin həlli ilə bağlı 2017-ci ildə aparılan danışıqları şərh edən E.Şahinoğlu bildirib ki, 2017-c ili cəbhədə və danışıqlar masasında dinamik il kimi xarakterizə oluna bilər: “Baxmayaraq ki, danışıqlar nəticəsiz qalıb və yorucu müharibə vəziyyəti davam edir. Ermənistan bu müharibədən daha tez yorulmalıdır, çünki dövlət getdikcə zəifləyir, xalq dözülməz halda yaşayır. Ermənistan gənci başqasına aid olan torpaq uğrunda ölmək istəmir. Ancaq Ermənistan hakimiyyəti hər vəchlə danışıqları uzatmağa çalışır”. 
Politoloq bildirib ki, 2018-ci ildə Rusiya, Azərbaycan və Ermənistanda seçki ili olsa da, münaqişənin qısa zamanda həllində daha çox maraqlı olan tərəf kimi rəsmi Bakının danışıqların aktiv şəkildə davam etdirilməsinə səy göstərəcəyini proqnozlaşdırmaq olar. 
Daha sonra tələbə-ekspertlər münaqişə və onun ətrafında aparılan danışıqlardakı son vəziyyət, münaqişənin həlli perspektivləri ilə bağlı fikirlərini bildiriblər.
Mərkəzin ekspertləri jurnalistlərin suallarını cavablandırıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.
Tədbirdə Tətbiqi Politologiya Mərkəzinin “Qarabağ: 2016/2017” adlı analitik nəşri də təqdim olunub.

Qeyd edək ki, Qərbi Kaspi Universitetində yeni yaradılmış Tətbiqi Politologiya Mərkəzində “Qarabağ” və “Multikulturalizm” laboratoriyaları fəaliyyət göstərir. Tələbələr burada müxtəlif istiqamətlər üzrə araşdırmalar aparır, analitik materiallar hazırlayırlar.