Norveç və Azərbaycan - H.Əliyev və Tur Heyerdal mövzusunda konfrans
XX əsrin sonu və XXI əsrin əvvəllərində Azərbaycan xalqının və dövlətinin əldə etdiyi bütün nailiyyətlər görkəmli ictimai-siyasi xadim, dahi şəxsiyyət H.Əliyevin adı ilə bağlıdır. Məhz buna görə ulu öndər bəşər tarixində əbədi yaşayacaqdır. Bu günlərdə bütün Azərbaycan xalqı kimi Qərb Universiteti də xalqının, dövlətinin, yaşadığı dövrün dünya tarixində əvəzsiz xidmətləri olan H.Əliyevin 91 illik yubileyini müxtəlif tədbirlər qeyd edərək, ona olan dərin hörmət və ehtiramını, sevgi və məhəbbətini bildirir.
H.Əliyevin rəhbərliyi altında bütün sahələrdə olduğu kimi elm, təhsil və mədəniyyətimiz də özünün yüksəlişi, çiçəklənməsi, zənginləşməsi dövrünü yaşamışdır. Ulu öndər alimlərə, elm və incəsənət xadimlərinə xüsusi diqqət və qayğı ilə yanaşır, Azərbaycanla bağlı olan dünya şöhrətli alimlərlə də sıx əlaqələr yaradır, onları yeni yaradıcılıqlara ruhlandırırdı.
H.Əliyev dəfələrlə Azərbaycanda olan görkəmli alim-etnoqraf, Azərbaycanın böyük dostu, Qərb Universitetinin professoru Tur Heyerdalla şəxsən görüşmüş və onun qədim zamanlarda vikinqlərin Norveçə Qafqazdan və Azərbaycandan köçdüyünü bildirən qədim Skandinaviya saqalarının və orta əsr mənbələrinin həqiqətə uyğun olduğunu sübut etmək məqsədi daşıyan tədqiqatları ilə maraqlanmışdır ki, bu da Azərbaycan və Norveç arasında dostluq münasibətlərinin daha da möhkəmlənməsinə öz töhvəsini vermişdir.
Qərb Universitetinin ümummilli liderin 91-illik yubileyinə həsr etdiyi növbəti tədbir Norveç və Azərbaycan - H.Əliyev və Tur Heyerdal mövzusundadır. Tədbir 12.05.2014-cü il tarixində saat 1000-da Qərb Universitetinin konfrans zalında keçirildi. Tədbirdə Norveç səfiri cənab Erling Skjonsberg, "Azerbaijan International” jurnalının redaktoru xanım Betty Blair, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun direktoru İlham Məmmədzadə və Qərb Universitetinin professor-müəllim heyəti və bir çox xarici qonaqlar iştirak etmişdir.
Tədbir zamanı "H.Əliyev və Tur Heyerdal” mövzusunda dəyirmi masa, "Heydər Əliyev və Tur Heyerdal” adlı videoyazının təqdimatı, Tur Heyerdaın 100 illik yubileyinə həsr olunmuş kinofestivalın və Qərb Universiteti nəzdində "Tur Heyerdal” kiçik sərgi otağının açılışı oldu.