TKTA ilə Qərbi Kaspi Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb
Təhsildə Keyfiyyət Təminatı Agentliyi ilə Qərbi Kaspi Universiteti arasında təlim xidmətlərinin göstərilməsinə dair müqavilə imzalanıb.
Müqaviləyə əsasən TKTA-nın peşəkar ekspertləri tərəfindən Qərbi Kaspi Universiteti əməkdaşlarına Daxili Keyfiyyət Təminatı və Xarici Keyfiyyət Təminatı mövzularında təlimlərin həyata keçirilməsi nəzərdə tutulur.
Təlimlərin əsas məqsədi Qərbi Kaspi Universiteti əməkdaşlarına akkreditasiya prosesinin milli və beynəlxalq standartları və yeni redaksiyada təsdiq olunmuş akkreditasiya qaydaları ilə tanış etmək, uğurlu beynəlxalq modeller əsasında daxili keyfiyyət təminatı sisteminin qurulmasına dəstək göstərmək və universtitetin strateji idarəetməsini təkmilləşdirmək yollarına dair geniş məlumat verməkdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli, 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nə əsasən təhsil müəssisələrində daxili keyfiyyət təminatı sistemlərinin qurulması və inkişaf etdirilməsi ilə bağlı məsləhət və metodiki dəstək xidmətləri təşkil etmək, eləcə də təhsil müəssisələrinin akkreditasiyasının həyata keçirilməsi üçün tövsiyələr hazırlamaq və təlimlər təşkil etmək TKTA-nın fəaliyyət istiqamətlərindən biridir.