"Media və təhsil dialoqu: peşəkarlığın inkişafı" mövzusunda təlim konfransı keçirilib
Oktyabrın 30-da Təhsil Nazirliyinin təşəbbüsü ilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda təlim konfransı keçirilib.
Təhsil Nazirliyi, kütləvi informasiya vasitələri (KİV) nümayəndələrinin, ali məktəblərin mətbuat xidmətləri rəhbərlərinin iştirak etdikləri tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı ölkəmizdə təhsilin inkişafına xüsusi önəm verildiyini bildirib, bu sahə ilə media əlaqələrinin əhəmiyyətindən danışıb.
Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə müasir dünyada təhsilin və medianın mühüm rolundan bəhs edib, bu sahələrin daim inkişafda olduğunu vurğulayıb. Ölkəmizdə təhsil sahəsində çox önəmli layihə və proqramların reallaşdırıldığını qeyd edən V. Rəhimzadə bu sahənin mediada real və əhatəli işıqlandırılmasının vacibliyini diqqətə çatdırıb.
Azərbaycanda media üçün geniş imkanlar yaradıldığını deyən V. Rəhimzadə xüsusilə bu gün sürətlə inkişaf edən elektron medianın fəaliyyəti ilə bağlı fikirlərini bölüşüb.
Mətbuat Şurası İdarə Heyətinin üzvü, "525-ci qəzet”in baş redaktoru Rəşad Məcid və digər çıxış edənlər də təhsil və media əlaqələrindən, təlim konfransının əhəmiyyətindən danışıblar.
Sonra Bakı Dövlət Universitetinin kafedra müdiri Aynur Kərimovanın "Daxili kommunikasiya və sosial şəbəkələr”, "ADA” Universiteti aparatının rəhbəri Şəfəq Mehrəliyevanın "Ali təhsil müəssisələrində ictimaiyyətlə əlaqələr işi: problemlər və yeni çağırışlar" Təhsil Nazirliyinin informasiya şöbəsi müdirinin müavini, KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehovun "Ali təhsil müəssisələrinin mətbuat xidmətlərinin fəaliyyətinin monitorinqi” mövzularında təqdimatları dinlənilib və təlimlər keçirilib.
Nəzərinizə çatdırırıq ki, təlim konfransında Qərb Universitetini Naim Suleymanov təmsil etmişdir.