Qərb Universiteti növbəti dəfə Beynəlxalq Konfransa ev sahibliyi etdi!
Bu gün Qərb Universiteti ilə TÜRKSOY-un (Uluslararası Türk Kültürü Teşkilatı) birgə əməkdaşlıq layihəsi çərçivəsində Qərb Universitetində "Tərcümə incəsənət və elm kimi” adlı beynəlxalq konfrans keçirildi.
Ənənəvi olaraq elmi konfrans bədii hissə ilə açıq elan edildi. Bədii hissədə Qərb dilləri fakültəsinin tələbələri müxtəlif dillərə tərcümə olunmuş dünya ədəbiyyatından fraqmentlər təqdim etdilər.
Sonra İngilis filologiyası kafedrasının müdiri s.ü.f.d. Alla Bayramova konfrans iştirakçılarını və qonaqları salamladı və çıxış üçün söz Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlıya verildi. Daha sonra "Azerbaijan İnternational” jurnalının baş redaktoru Betti Bler və Almaniyanın Herford Xalq Universitetinin dosenti Sevil Fuks çıxış etdi.
Konfransda tərcümənin problemləri müxtəlif linqvistika, mədəniyyətşünaslıq, ədəbi tərcümə, sənətşünaslıq, intermediallıq və s. nöqteyi-nəzərdən müzakirə olundu.
Konfransda həmçinin iştirakçı qismində Qərb Universitetinin professor-müəllim heyəti ilə yanaşı Qafqaz Universitetinin, Azərbaycan Dövlət Dillər Universitetinin, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun və Nəsimi adına Dilçilik İstitutunun nümayəndələri və Almaniya, İspaniya, Türkiyə, Qazaxıstan kimi ölkələrdən də bir sıra mütəxəssislər iştirak etmişlər.