Qərbi Kaspi Universiteti QS təşkilatının konfransında iştirak edib
14-15 oktyabr tarixlərində Litvanın Kaunas şəhərində “Quacquarelli Symonds” (QS) təşkilatının növbəti konfransı keçirilib. Dünya universitetlərinin ali təhsil problemlərinin, inkişaf trendlərinin müzakirə olunduğu konfransda ABŞ, Böyük Britaniya, Malayziya, Qazaxıstan, Rusiya, Azərbaycan, Estoniya, Litva, Türkiyə kimi ölkələrdən 150-dək nümayəndə iştirak edib. Toplantılarda universitetlərin nümayəndələri təcrübələrini bölüşüb, fikir mübadiləsi aparıblar.
Konfransda təşkilatın müəyyən etdiyi reytinqölçmə meyarları ciddi müzakirə predmeti olub. Qazaxıstan universitetlərindən birinin nümayəndə heyətinin “Dünya reytinq siyahılarına düşən universitetlərin, o cümlədən Qazaxıstan universitetinin QS tərəfindən hazırlanan Avropa və Mərkəzi Asiyanın reytinq cədvəlinə niyə düşə bilməməsi” ilə bağlı sualına cavabında qurum təmsilçisi bunu qiymətləndirmə meyarlarının, metodikanın fərqli olması ilə izah edib.
Daha sonra universitetlər arasında şəbəkələşmə görüşləri keçirilib.
Qərbi Kaspi Universiteti konfransda istər Avropa, istərsə də Asiya universitetlərinin inkişaf trendləri, çalışdığı istiqamətlərlə tanış olmaq məqsədilə iştirak edib.
Konfrans Qərbi Kaspi Universitetinin dünyanın bir sıra aparıcı universitetləri ilə yeni əməkdaşlıq əlaqələrinin yaranması baxımından əhəmiyyətli olub.