AESC-in “Qafqaz Avropa ilə Asiyanın qovşağında: Xəzərin artan əhəmiyyəti” IV illik konvensiyası
Qərbi Kaspi Universitetində Qafqaz üzrə Avropa Araşdırmaları Assosiasiyasının (AESC) Dördüncü İllik Konvensiyası təşkil olunacaq. “Qafqaz Avropa ilə Asiyanın qovşağında: Xəzərin əhəmiyyətinin artırılması” mövzusunda keçiriləcək Konvensiya Avropa ilə Asiya arasında əlaqələrin gücləndirilməsi baxımından Xəzər dənizi regionunun təcrübələrini qiymətləndirmək baxımından əhəmiyyətlidir.
Çin Xalq Respublikasının irəli sürdüyü “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində Azərbaycan Şərqlə Qərb arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsində aparıcı rola malikdir. Azərbaycan Qafqazı Xəzər dənizi vasitəsilə Mərkəzi Asiya ilə əlaqələndirmək üçün aparıcı qovşağa çevrilmək istiqamətində həm infrastruktura, həm də texnologiyalara iri investisiyalar qoymuşdur. Bununla belə, mütəxəssislər hesab edir ki, Şərqlə Qərb arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində mövcud potensialdan tam olaraq istifadə edilmir və bu Xəzər dənizi hövzəsi ölkələri üçün daha aktual problemdir. Konvensiya həm də bu perspektivlərin müzakirəsi baxımından vacib platforma kimi qiymətləndirilə bilər. Qərbi Kaspi Universiteti Avropa və Asiya arasında Xəzər dənizinin əhəmiyyətinin artırılması istiqamətində yeni imkanların qiymətləndirilməsi və müzakirəsi istiqamətində təşkil olunacaq konvensiyaya ev sahibliyi edəcək (https://wcu.edu.az/en).
AESC-nin Proqram Komitəsi mövzu üzrə panel müzakirələr (maksimum 3 təqdimatçı, maksimum 2 diskussiya iştirakçısı), dəyirmi masa müzakirələri (maksimum 5 iştirakçı), fərdi təqdimatlar və stend təqdimatları üzrə təklifləri qəbul edəcək. Xüsusilə, gənc alimlərin tədqiqat layihələrinə ilkin mərhələdə dəstək vermək məqsədilə təcrübəli müəllimlərin, tədqiqatçıların moderatorluğu ilə “kiçik sessiyalar” keçiriləcək. Bundan əlavə, magistr tələbələri fərdi müraciətlər, eləcə də panel müzakirələri üçün müraciət etməyə dəvət olunurlar (maksimum 5 təqdimatçı və 1 moderator).
Ümumi mövzu ilə yanaşı, AESC-nin Konvensiyası çərçivəsində metodologiya və qabaqcıl təcrübələrin mübadiləsi məsələlərinə həsr olunacaq iki ixtisaslaşmış sessiya nəzərdə tutulur:
- Avropaşünaslıq üzrə dərsliklərin tərtib edilməsi;
- Avropaşünaslıq elminə müvafiq elmi tədqiqatların aparılması.
Konvensiyada aşağıdakı mövzuların müzakirə istiqaməti olacağı gözlənilir:
- Xəzər dənizi hövzəsi və Qafqazın Avropa üçün iqtisadi əhəmiyyəti;
- Xəzər regionunda enerji siyasəti və Avropanın enerji təhlükəsizliyi
- Xəzər nefti geosiyasət və böyük Avropa maraqları çərçivəsində
- Xəzər hövzəsi ölkələri müasir Avropa siyasətində
- Avropanın Asiya ölkələri ilə əlaqələrinin inkişafında Xəzər dənizinin rolu.
Avropaşünaslıq və müvafiq araşdırmaların bütün aspektləri üzrə təqdimatlar qəbul olunur.
Konvensiyada iştirak etmək istəyənlərdən tələb olunur:
- Qısa tərcümeyi hal;
- Tezis (həcmi: 1 səhifə, Times New Roman şrifti, yalnız ingilis dilində, səhifənin parametrləri: hər tərəfdən - 2,0 sm);
- Təklif olunan panel/dəyirmi masanın mövzusu və qısa xülasəsi.
Tezis və təklif olunan mövzuların son qəbul tarixi: 31 yanvar 2020-ci il.
Ünvan: convention@wcu.edu.az
Qərbi Kaspi Universiteti, İstiqlaliyyət küçəsi-27.
Telefon: + 994124926162; + 994124927418