“İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfrans
Qərbi Kaspi Universitetinin Maliyyə və mühasibat uçotu kafedrası, Menecment kafedrası, Turizm və sahələr iqtisadiyyatı kafedrası, Ümumi iqtisadiyyat kafedrası və Elm şöbəsinin birgə təşkilatçılığı ilə 11 may 2022-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” mövzusunda Respublika elmi-praktik konfransı keçirilmişdir.
Əvvəlcə dahi liderin siyasi fəaliyyətindən bəhs edən qısa metrajlı film təqdim olunub. Açılışda Qərbi Kaspi Universitetinin Qəyyumlar şurasının sədri professor, Hüseyn Bağırov konfransın məhz Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunması ilə “İqtisadi inkişafda qlobal çağırışlar və perspektivlər” adlandırılmasının mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək konfransın işinə uğurlar arzulamışdır.
Konfrans plenar iclas və bölmələrdən ibarət olmaqla təşkil olunmuşdur. Plenar iclasda iqtisadçı mütəxəsislər – AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, AMEA-nın İqtisadiyyat İnstitutunun əməkdaşı iqtisad elmləri doktoru, professor Əli Nuriyev, Azərbaycan Respublikası DTX-nin Heydər Əliyev adına Akademiyası Rəisinin I müavini Elşad Nəsirov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Gömrük xidməti general-mayoru Qulu Novruzov, Azərbaycan Texnologiya Universitetinin Elm və xarici əlaqələr üzrə müşavir, iqtisad elmləri doktoru Mayıs Gülalıyev, AMEA-nın İqtisadiyyat İnstitutu “Xidmət sahələrinin inkişafı problemləri” şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor Müşviq Atakişiyev, AMEA-nın İqtisadiyyat İnstitutu “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin müdiri iqtisad elmləri doktoru, professor Fuad Qənbərov, Sumqayıt Dövlət Universiteti “Dünya iqtisadiyyatı və marketinq kafedrasının professoru iqtisad elmləri doktoru, professor Şəfa Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyasının professoru iqtisad elmləri doktoru, professor Səfər Pürhani, Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru, dosent İsa Qasımov – çıxış edərək öz tövsiyyələrini konfrans iştirakçılarına çatdırmışlar.
Konfrans aşağıdakı bölmələr üzrə aparılmışdır:
· Qloballaşma şəraitində Azərbaycanın dünya təsərrüfat sisteminə inteqrasiyası
· Maliyyə bazarları və pul-kredit mexanizminin tənzimlənməsi istiqamətləri
· Xidmət sahələrinin inkişafı və innovasiya menecmenti
· Regionların sosial iqtisadi inkişaf istiqamətləri
· Sənayenin diversifikasiyası
Konfransda 24 müxtəlif təşkilatdan 150-yə yaxın məqalə və tezislər təqdim edilmişdir. Plenar iclasdan sonra bölmələrdə məruzəçilərin məqalə və tezisləri Azərbaycan, rus və ingilis dillərində dinlənilmiş, onlara sertifikatlar təqdim olunmuşdur.