Qurbanova Nərgiz
Azərbaycanın yeganə xanım səfiri, Qərb Universitetinin məzunu Qurbanova Nərgiz
1999 - Qərb Universiteti - "Beynəlxalq Menecment" ixtisası məzunu;
2012 - Azərbaycanın ABŞ-dakı səfirinin müavini;
2012-2016 - 4 ildə Xəzər regionu və Azərbaycanla bağlı olan bütün iqtisadi konfranslarının aktiv iştirakçısı;
2016 - II dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi;
2016 - Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri;
Məzunumuz Azərbaycanın ABŞ-dakı səfirliyində iqtisadi məsələlər üzrə müşavir vəzifəsində çalışıb. Qurbanova son 4 ildə Xəzər regionu və Azərbaycanla bağlı olan bütün iqtisadi konfranslarının aktiv iştirakçılarından olub.
Bu baxımdan onu tez-tez Böyük Britaniyanın "BP” şirkətinin Vaşinqtondakı təmsilçisi Qreq Sonders, ABŞ Dövlət Departamentinin Enerji ehtiyatları üzrə məsul əməkdaşı Daniel Ştayn, enerji, təbii sərvətlər və geosiyasət İnstitunun direktoru Ariel Koenin iştirakı ilə keçirilən tədbirlərdə qızğın müzakirələrə qoşulmasını seyr etmək olardı.
Məsələn, 2012-ci ilin oktyabrında Amerika Universitetinin Qara dəniz və Xəzər dənizi hövzəsi üzrə Araşdırmalar Mərkəzində "Azərbaycan: təbii qazın Avropaya nəqlində artan tələbatın ödənilməsinə strateji təsiri” mövzusunda tədbirdə Qurbanova enerji layihələrinə ABŞ tərəfindən siyasi dəstəyin verilməsinin vacibliyini vurğulamış və bu xüsusda "Cənub dəhlizi” layihəsinə ABŞ hökumətinin dəstək verməsinin təqdirəlayiq olduğunu bildirmişdi.
2013-cü ilin aprelində Vaşinqtonda ABŞ-ın Con Hopkins Universitetinin Mərkəzi Asiya-Qafqaz İnstitutu tərəfindən "İstanbul Prosesi – 26 aprel, Astana görüşü: 2014-cü ildən sonrakı Əfqanıstanda aydınlığa doğru” mövzusunda keçirilən tədbirdə isə Qurbanova NATO qüvvələrinin Əfqanıstandan çıxarılması zamanı Azərbaycanın tranzit ölkə kimi imkanlarını tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.
Bundan əlavə Qurbanova SOCAR-ın Amerikadakı tədbirlərinin də yaxından iştirakçısı olub.
N.Qurbanova 2016-2021-ci illərdə Azərbaycanın Bolqarıstandakı səfiri vəzifəsində çalışıb. Azərbaycan Prezidenti İlham Əliyevin 8 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən isə Azərbaycanın Polşada Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edilib.
Xatırladaq ki, Azərbaycan dövlətçilik tarixində ilk diplomat xanım Sara Xatun olub. Hazırda Azərbaycanın xarici ölkələrdəki diplomatları içərisində xanımlar olsa da, yeganə xanım səfirimiz Nərgiz Qurbanovadır.
Qərb Universiteti məzunu ilə fəxr edir və yeni uğurlar arzulayır!