Qərbi Kaspi Universitetinin tələbələri TechBrains Baku 2026 konfransında iştirak ediblər
Qərbi Kaspi Universitetinin Biologiya ixtisası üzrə tələbələri Süleyman və Hacızadə Səkinə Rüstəmova 21–22 noyabr 2026-cı il tarixlərində ADA Universitetində keçirilən TechBrains Baku 2026 texnologiya konfransında iştirak edərək elmi və innovativ layihələrini təqdim ediblər.
GOUP Baku Tech Community, CNCF Baku Chapter, ADA Universiteti və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə (İRİA) tərəfindən təşkil olunan konfrans süni intellekt, bioinformatika, kibertəhlükəsizlik, robototexnika, sahibkarlıq və digər istiqamətlər üzrə texnologiya mütəxəssislərini, tədqiqatçıları və startap qurucularını bir araya gətirib.
Süleyman Hacızadə konfransın Bio / Longevity – Bioinformatics bölməsində spiker kimi iştirak edərək “Hesablama Struktur Biologiyası və CarboxMol” mövzusunda çıxış edib. Təqdimatda CarboxMol Bioinformatika Klubu, zülal strukturlarında anomal protonlaşma və hidrogen rabitələrinin aşkarlanması üçün hazırlanmış Carbox Alqoritmi, eləcə də zülalların üçölçülü vizuallaşdırılması və struktur analizinə imkan verən açıq mənbəli CarboxMol Proqramı haqqında məlumat verilib.
Səkinə Rüstəmova isə “CRISPR gen redaktəsinin məlumatlara əsaslanan ağıllı əkinçiliklə inteqrasiyası” mövzusunda çıxış edərək molekulyar biotexnologiya, süni intellekt və rəqəmsal analitikanın kənd təsərrüfatının dayanıqlı inkişafında, məhsuldarlığın artırılmasında və resurslardan səmərəli istifadədə rolunu və perspektivlərini təqdim edib.


