İnfeksion xəstəliklər üzrə tanınmış alman professorun vebinarı təşkil edilib
Qərbi Kaspi Universitetinin və universitetin tərəfdaşı Almaniyanın Akkon Tətbiqi Elmlər Universiteti tərəfindən Covid-19 mövzusunda vebinar təşkil olunub.
Vebinarı giriş sözüylə Almaniyanın Səhiyyə Alyansı şurasının sədri Roland Göhde açıb.
Daha sonra iştirakçılar infeksion xəstəliklər üzrə dünyanın məşhur alimlərindən sayılan Professor Timo Ulrichsin Covid-19 haqqında mühazirəsini dinləmək imkanı qazanıblar.
Professor Ulrichs şayiələrə baxmayaraq Covid-19-un Çin tərəfindən qəsdən yayılması ilə bağlı iddiaların elmi sübutları olmadığını qeyd edib. Professor Ulrichs həmçinin Covid-19-un yeni variantlarının təsiri və bu variantlarla mübarizə haqqında öz fikirlərini bölüşüb, vaksinlərin yan təsirlərinin ola biləcəyini və bunu indiki müddətdə müəyyən etməyin çətin olduğunu bildirib. Professor eyni zamanda bildirib ki, biz bu xəstəliyin fəsadına artıq bələdik və istənilən halda vaksinasiya bundan ən təsirli qorunma vasitəsi hesab olunur.
Tədbirin sonunda Professor Ulrichs iştirakçıları maraqlandıran sualları cavablandırıb.