Qərbi Kaspi Universitetində “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda konfrans keçirilib
Qərbi Kaspi Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda ali məktəb tələbə və magistrantlarının XXVII multidissiplinar Respublika elmi-praktik konfransı keçirilib.
Konfransın Plenar iclasında açılış nitqini söyləyən Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov Ümummilli lider Heydər Əliyevin Azərbaycan elm və təhsilinin, mədəniyyətinin inkişafında müstəsna xidmətlərindən bəhs edib. Qeyd edilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər həm də Heydər Əliyev amallarını gerçəkliyə çevirib.
Əməkdar elm xadimi, professor Şahlar Əsgərova “Gələcək elmlə gələcək” mövzusunda elmi məruzə edərək Ulu öndərin misilsiz elmi, siyasi fəaliyyətindən bəhs edib.
Qərbi Kaspi Universitetinin müəllimləri — Adıgözəl Məmmədov “Heydər Əliyevin siyasi fəaliyyətinin Moskva dövrü”, Orxan Vəliyev “Azərbaycançılıq ideologiyası”, Bakı şəhər 4 nömrəli orta məktəbin direktoru, eyni zamanda Qərbi Kaspi Universitetinin II ali təhsil tələbəsi Fərid Ağəliyev “Heydər Əliyev və Azərbaycan elmi” mövzusunda çıxış ediblər.
Konfrans daha sonra öz işinə bölmələr üzrə davam etdirib və ümumilikdə 99 elmi məruzə dinlənilib.