Qərbi Kaspi Universiteti

Universitet

Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzi

Şirkətlərlə əməkdaşlıq sorğusu

Mərkəz haqqında

Qərbi Kaspi Universitetinin Tələbə və Məzunların Təcrübə və İnkişaf Mərkəzi tələbə və magistrantların peşə hazırlığının təkmilləşdirilməsini, ixtisaslarının, bilik və bacarıqlarının artırılmasını, habelə bu istiqamətdə müxtəlif tədbirlərin həyata keçirilməsini təmin edir.

Tələbə və Məzunların Təcrübə və İnkişaf  Mərkəzi Qərbi Kaspi Universitetinin Tədris hissəsinin struktur bölməsidir və ali təhsilin hər iki səviyyələri dövründə tələbələrin, magistrantların və məzunların inkişafında və məşğulluğunda yardım göstərir.

Mərkəzin missiyası

  • Ali təhsilli, yüksək ixtisaslı, peşəkar mütəxəssislərin hazırlanması yönümündə nəzəriyyə və təcrübənin inteqrasiyasına nail olmaq və onu müasir standartlara uyğunlaşdırmaq.
  • Tələbə və magistrantlara onların inkişafında və işlə təmin olunmasında yardım göstərmək.
  • Xarici və yerli universitetlərin, şirkət və müəssisələrin bu sahədə olan təcrübəsindən səmərəli istifadə etmək
  • Müxtəlif inkişafyönümlü tədbirlərinin həyata keçirilməsi məqsədi ilə dövlət və özəl sektordan mütəxəssislər cəlb etmək.
  • Məzunların hazırlıq səviyyəsinin əmək bazarının tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədi ilə kompleks tədbirləri həyata keçirmək.
    Mərkəzin fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək

  • Tələbə, magistrant və məzunların məlumat bazasını yaratmaq
  • Yerli və xarici şirkətlərin və müəssisələrin məlumat bazasını yaratmaq
  • Bu şirkət və müəssisələrdə gündəlik təcrübə gəzintilərini təşkil etmək və məzunların işlə təmin edilməsi haqda danışıqlar aparmaq.
  • Dövlət, özəl və xarici şirkət və müəssisələrdən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə təlimlər və seminarlar təşkil etmək.
  • Tələbə və magistrantlara işə müraciət formaları haqda (CV) təlimlər keçmək.
  • Dövlət və özəl şirkət və müəssisələrdə olan vakant iş yerləri haqda məlumat toplamaq və onun məzunlar arasında yayılmasını təmin etmək.
  • Digər universitetlərlə birgə məzun yarmarkaları təşkil etmək.
  • Tələbə və magistrantları muxtəlif tədris-inkişaf mərkəzlərində kurslar keçmək haqda maarifləndirmək və onları bu kurslara yönləndirmək.
  • Tələbə və magistrantların müxtəlif müəssisələrdə könüllülük əsasda qismən ödənişli, yaxud ödənişsiz fərdi təcürbə keçməsini təşkil etmək.
  • Universitetin digər struktur bölmələri, tələbə təşkilatları ilə birgə müxtəlif tədbirlər keçirmək.

Tərəfdaşlar

  • AR Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
  • AR Prezidentinin İşlər İdarəsi
  • AR Gənclər və İdman Nazirliyi
  • AR Kənd Təsərrüfatı Nazirliyi , Aqrar Tədqiqatlar Mərkəzi
  • AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
  • AR Gənclər Siyasəti və İdman məsələləri şöbəsi
  • AMEA Folklor İnstitutu
  • Ticarət Palatası
  • Alfa Audit QSC
  • Yelo Bank
  • Rigis Otel
  • Central Park
  • AR “Azərenerji “ASC-nin ET və LAE institutu
  • Bank Respublika
  • Smart Systems Technology
  • Ateliyer YANA
  • Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi
  • “Narınc” Psixologiya Mərkəzi
  • AR Dövlət Miqrasiya Xidməti

CV formaları və hazırlamaq qaydaları

  • CV necə tərtib edilməlidir.

İşəgötürənlərlə tanışlıqdan qabaq özünü yaxşı və qiymətli işçi kimi təqdim etmək mümkündürmü? Bəli, mümkündür - bunun üçün sadəcə olaraq yaxşı düşünülmüş CV tərtib etmək lazımdır.

  • CV nədir?

CV - qısa şəkildə karyera tarixçəsini və iş axtaranın professional keyfiyyətlərini təsvir edən bir sənəddir. Ondan iş axtarışlarında və işə düzəlmək məqsədilə istifadə olunur. CV iş axtaran tərəfindən tərtib olunub bilavasitə işverənlərə təqdim olunur, poçt vasitəsilə göndərilir və ya işverənlərin sifarişilə personalın seçilməsi və işə götürülməsilə məşğul olan vasitəçi firmalara verilir.

  • CV nə üçün lazımdır?

CV reklam xarakteri daşıyır. Onun mahiyyəti - işverəni qabaqcadan iş axtaranın professional keyfiyyətlərilə tanış etmək, diqqəti həmin iş axtarana cəlb etmək, işverəni maraqlandırmaq və görüşə sövq etməkdir. CV-nin əsas məqsədi - bilavasitə tanışlıq və işə qəbul olunmaq üçün işverənlə müsahibəyə dəvət almaqdır.

  • CV forması.

CV üçün standart bir forma yoxdur.

Aşağıdakı ardıcıllığı tövsiyə etmək olar:

Başlıq əvəzinə adınızı, soyadınızı, atanızın adını yazın (adətən "CV" başlığından istifadə olunmur).Ünvan.Telefon.

Anadan olma tarixi və doğulduğunuz yer. Ailə vəziyyəti.

Məqsəd (axtardığınız iş yerinin və vəzifənin təsviri).

İş təcrübəniz (əks-xronoliji ardıcıllıqla, yəni son iş yerindən başlayaraq iş yerlərinin sadalanması. İşlədiyiniz müəssisə və ya şirkətlərin adı, iş tarixi, müddəti, tutduğunuz vəzifə, yerinə yetirdiyiniz funksiyalar və iş dövründə əldə etdiyiniz nailiyyətlər qeyd olunmalıdır).

 Əlavə məlumat (nailiyyətləriniz, bilikləriniz, qabiliyyətləriniz, hansı xarici dilləri bilirsiniz, kompüterdə işləmək vərdişləri, sürücülük vəsiqəsinin mövcudluğu, ictimai fəaliyyət, şəxsi keyfiyyətlər).

CV-nin tərtib olunması tarixi.

  • CV-nin tərtib edilməsi prinsipləri.

CV aşağıdakı tələblərə cavab verməlidir:

Yığcamlıq Mətnin həcmi 2 səhifədən çox olmamalıdır. İşverən, çox güman ki, böyük mətni oxumayacaq və təəssüf etmədən zibil səbətinə atacaq.

Məntiq Yalnız işə aid olanları qeyd edin - yersiz detallara və təfsilatlara yol verməyin

Düzgünlük Yalnız isbat edə biləcəyiniz məlumatları qələmə alın. CV-də göstərdiyiniz informasiya yoxlanıla bilər.

Pozitiv xarakter Çalışın, özünüz haqda müsbət rəy yaradasınız. Yalnız pozitiv keyfiyyətlərinizi və güclü tərəflərinizi qeyd edin, əldə etdiyiniz nailiyyətləri vurğulayın. Əgər hər hansı bir informasiyanın xoşa gəlməmək ehtimalı varsa, onu yazmayın.

Ardıcıllıq İnformasiyanı xronoloji ardıcıllıqla təsvir edin, heç nəyi buraxmayın. İşəgötürən bunu hörmətsizlik və məsuliyyətsizlik kimi qiymətləndirə bilər.

Unikallıq Məhz sizə xas olan keyfiyyətlərdən bəhs edin, sizi digər namizədlərdən fərqləndirən müsbət cəhətləri vurğulayın.

Mükəmməl yazı stili Dəqiq ifadələrdən istifadə edin, ara sözlərə və anlaşılmaz ixtisarlara qəti surətdə yol verməyin

Gözoxşayan tərtibat Yalnız keyfiyyətli kağızdan və oxunaqlı şriftdən istifadə edin. Mətni məntiqlə yerləşdirin, onu paraqraflara bölün. Mütləq yazdıqlarınızı yoxlayın, səhvləri düzəldin. CV rahatlıqla oxunmalıdır.

Tərcümeyi-hal necə yazılır?

  • Tərcümeyi hal Nədir?

Tərcümeyi-hal təqdim etdiyi şəxs barədə tam məlumatdır. Tərcümeyi-hal adətən işə girərkən dövlət orqanları, böyük şirkətlər və yaxud da qurumlar tərəfindən işə götürülərkən tələb olunur. Hər bir şəxs özü haqqında bu sənədi öz əl yazısı ilə yazmağı bacarmalıdır.

Tərcümeyi-halı yazmağa başlayarkən ilk öncə özünüz barədə dəqiq və ardıcıl məlumatları yazmalısınız. Aşağıdakılar bu siyahıya aid olanlardır.

  1. Ad və soyad
  2. Doğulduğunuz il və yer
  3. Məktəbə daxil olduğunuz və bitirdiyiniz il
  4. Ali məktəbə qəbul olmusunuzsa daxil olduğunuz və bitirdiyiniz il.

Və işlədiyiniz yerlər və vəzifələr:

  1. Tərcümeyi-hal hazırlayarkən ailə üzvlərininiz, evlisinizsə yoldaşınız və uşaqlarınız haqqında ətraflı məlumat yazmalısınız. (Yəni ad və soyadları, doğulduqları il və yer. Hal-hazırda işlədikləri yer və vəzifələri)
  2. Siz forumu doldurarkən heçbir şeyin üstündən keçməməyə və nəyinsə əksik olmamasına diqqət etməlisiniz.
  3. Tərcümeyi halı yazarkən doğulduğunuz gündən olan bütün hadisələri, yəni məktəbə neçənci ildə getmisiniz, neçənci ildə bitirmisiniz, işlədiyiniz yerlər, vəzifələriniz ardıcıl olaraq qeyd olunmalıdır.
  4. Sənədi hazirlayarkan çalışın çox uzun və yorucu yazmayın. Və yazarkən dizaynına, qrammatik, stilistik və durğu səhvlərinin olmamasına fikir verin.
  5. Tərcümeyi hal A4 formatlı vərəqdə adətən əl ilə yazılır, və “Mən, adım, soyadım…” şəklində başlayır.
  6. Və sonda formanın altında adınız, soyadınızı, bugünki tarixi və imza atmağı unutmayın.

 Tərcümeyi-hal yazarkən əsas tələblər bunlardır:

  1. Tərcümeyi-hal da şəxsin doğulduğu gün, il, ay (respublika, şəhər, rayon, kənd) dəqiq göstərilməlidir.
  2. Qeyd olunan faktlar dəqiq və ardıcıl olmalıdır. Xronologiyaya tərcümeyi-halda diqqət olunası xüsusi haldır.
  3. Tərcümeyi-hal yazanın öz əl yazısı ilə olmalıdır.
  4. Tərcümeyi-hal formasına görə sadə və mürəkkəb olur. Sadə tərcümeyi-hal ibtidai siniflərdə olur, qısa həcmli olur. Bu zaman şagird yalnız özü haqda məlumat yazır.
  5. Mürəkkəb tərcümeyi halda isə insanın özü və valideynləri haqda, onların məşğuliyyətləri haqda məlumat verilir.

Tələbə tərcümeyi-hali isə aşağıdaki ardıcıllıqda olur.

  1. Başlıq – Tərcümeyi hal (2020)
  2. Ad, soyad və atasının adı.
  3. Doğulduğu il, gün, ay və yer.
  4. Məktəbə qədər dövr.
  5. Məktəb dövrü.
  6. Tələbəlik dövrü.
  7. Universitetdə apardığı ictimai vəzifə
  8. Mükafatları, təltifləri
  9. Ailə üzvləri haqqında qısa məlumat
  10. Tərcümeyi-halın yazıldığı tarix
  11. Tərcümeyi-halı yazanın şəxsi imzası.

Ərizənin yazılma qaydası

  • Ərizəyə verilən tələblər aşağıdakılardır:

Ərizənin başlığı, yəni kimə və kimdən yazılması dəqiq olmalıdır.

Ərizənin məzmunu qısa, faktlar isə konkret olmalıdır.

Ərizəni ərizəçi öz xətti ilə yazmalıdır.

Ərizənin sonunda gün, ay, il və ərizəçinin şəxsi imzası qoyulmalıdı

  • Ərizənin yazılış forması belədir:

Vərəqin əvvəlində, abzasdan böyük hərflə təşkilatın və kimə müraciət edilirsə, onun vəzifəsi,  adı, atasının adı və soyadı qeyd olunur.

Sətrin 1/2 hissəsi həcmində sağ tərəfdə ərizəçinin adı, soyadı və atasının adı göstərilir.

Vərəqin ortasında böyük hərflə "Ərizə" sözü yazılır.

Təzə sətirdən qısa, aydın və məzmunlu şəkildə ərizəçinin fikri şərh olunur.

Ərizənin sonunda imza qoyulur və onun yazılma tarixi göstərilir.

Linkedln profillərin hazırlanması

Linkedlnin qeydiyyatdan keçmə prosesi dörd vəzifəni əhatə edir.

  1. Adınız, e-poçt ünvanınız və istənilən şifrənizlə LinkedIn-in ana səhifəsində sadə formu doldurun.
  2. Daha sonra, işinizin adı, işəgötürən adı soruşan bir profil formasını doldurmaq tələb olunur.
  3. LinkedIn tərəfindən sizə göndərilən mesajdakı linkə basaraq e-poçt ünvanınızı təsdiq etməyiniz xahiş olunacaq.
  4. Nəhayət, pulsuz və ya ödənişli hesabınızın olub-olmadığını seçəcəksiniz.

Müsahibə

Müsahibə bir tərəfdən potensial işə götürənin sizin bacarıq, təcrübə və şəxsi keyfiyyətlərinizin  müvafiq vakansiyaya nə qədər uyğun olub-olmadığını müəyyən etmək üçün təşkil olunan bir prosesdir.  Digər tərəfdən isə iş axtaran namizədin həmin vakansiya və şirkətin onun məqsəd, gələcək planlarına və maraqlarına nə qədər uyğun olub-olmamasını müəyyən edən bir  prosesdir. Qızıl qayda: müsahibədən ən ağıllı və savadlı yox, müsahibəyə ən hazırlıqlı şəxs keçir. Ona görə də müsahibənin formatından, yerindən, mərhələsindən asılı olmayaraq o müsahibəyə hazırlaşmaq lazımdır. Hazırlaşmaq nə üçün lazımdır? Müsahibəyə bir yarışma, bir oyun kimi baxın harada ki, Siz qaydaları bildiyinizə görə xal qazanıb sonda qalib ola biləsiniz. Əsas məsələ odur ki, qarşı tərəf, yəni müsahibə götürənlər Sizdən bu qaydaları bilməyinizi gözləyirlər, lakin namizədlər çox vaxt bunları bilmir və ya vacib olmadığını düşünürlər.

Müsahibədə ən çox verilən suallar

  1. “Özünüz haqqında məlumat verə bilərsiniz?”

İlk baxışdan sadə bir sual, amma diqqət etməlisiniz ki, sual sizin şəxsi həyatınızı əhatə etməsin. Müsahibə götürənə sizin bu işə layiq olub-olmadığınızı müəyyə etmək üçün beyninizin dərinliklərini bilmək nə qədər vacib olsa da, siz cavablarınızda təhsil, karyera planlarınız və iş təcrübənizlə kiyafətlənməlisiniz.

  • Suala necə cavab vermək lazımdır?

Ailə və hobbinizi müzakirə etmədən, sizin şirkətə gətirə biləcəyiniz xeyiri təsvir edə biləcək amillərdən danışmaq.

  1. "5 ildən sonra özünüzü harda görürsünüz?"

Bu sual tələdir. Ona görə təhsilinizi davam etdirmək istədiyinizi, tamamilə başqa sahədə daha yaxşı vəzifəyə keçmək istədiyinizi, öz biznesinizi qurmaq istədiyinizi deyərək tələyə düşməyin.

  • Suala necə cavab vermək lazımdır?

Şirkət tezliklə onun sıralarını tərk edəcək işçidə maraqlı deyil. Səmimi olun və düzünü deyin ki, uzun müddət sizi cəlb edəcək iş axtarışındasınız.

  1. "Hansı zəif cəhətləriniz var?"

Standart olaraq “mən mükəmmələm” tipli cavablar verməyə tələsməyin. Çox güman müsahibə götürən şəxs bu kimi cavabları artıq dəfələrlə eşidib və bu cavab formasından yorulub. Eyni zamanda bu cavab o deməkdir ki, siz öz üzərinizdə heç işləmirsiniz.

  • Suala necə cavab vermək lazımdır?

Daha dərinə gedin, əgər siz özünüzün zəifliyiniz haqqınızda danışırsınızsa , dərhal onunla bağlı çıxış yolunu da deməlisiniz. Məsələn: “Mən ilk öncə asan tapşırıqları yerinə yetirir, daha çətinləri sonraya saxlayıram. Lakin anlayıram ki, əksinə etsəm faydalı iş əmsalı daha çox ola bilər.

  1. “Arzuladığınız iş haqqında bizə məlumat verin.”

Bu sualın əsas məqsədi sizin konkret bu işə qarşı nə qədər ciddi olduğunuzu yoxlamaqdır.

  • Suala necə cavab vermək lazımdır?

Sadəcə “mən burada işləmək istəyirəm” deməyiniz kifayətdir.

  1. "Siz istirahət günü və ya məzuniyyətdə elektron poçtunuzu yoxlayırsınız?"

Bir tərəfdən müsahibə götürənə sizin işinizə qarşı məsuliyyətli olduğunuzu və bu baxımdan da sizinlə lazım olan anda əlaqə saxlamağın mümkün olduğunu göstərməyiniz yaxşı olardı. Ancaq digər tərəfdən müsahibə götürən sizin şəxsi həyatla iş arasında balansın vacibliyini anladığınıza əmin olmalıdır.

  • Suala necə cavab vermək lazımdır?

İşə götürən tərəf sizin işinizə qarşı məsuliyyətli olduğunuzu bilməlidir. Amma eyni zamanda siz onu başa salmalısınız ki, sizin şəxsi (boş) vaxta ehtiyacınız var. Müsahibə zamanı bildirin ki, siz istirahət günlərindən əvvəl bütün işlərinizi qaydasına salacaqsınız və hansısa təcili bir məqamda şirkət sizinlə rahat əlaqə qura bilər.

  1. "Siz bu müsahibəyə necə hazırlaşmısınız?"Bu sualı verməklə müsahibə götürən şəxs sizin bu işi əldə etmək istəyinizi yoxlayır.
  • Suala necə cavab vermək lazımdır?

Müsahibə götürənə deyin ki, müsahibəyə gəlməmişdən öncə siz şirkət haqqında oxuyub, onun fəaliyyəti ilə tanış olmusunuz. Bu zaman şirkətin istehsal etdiyi hər hansı məhsul haqqında qısa biliyinizi nümayiş etdirsəniz daha yaxşı olar.

  1. "Siz niyə bu şirkətdə işləmək istəyirsiniz?"

Yenə də bu sual sizin işə qarşı nə qədər ciddi olduğunuzu göstərir.

  • Suala necə cavab vermək lazımdır?

Bu suala cavab verəcəyiniz 3 uyğun cavabı diqqətinizə çatdırırıq.

I Mənim artıq sizin şirkətdə çalışan bir neçə tanışım var və onlardan şirkət və iş prosesi barədə ancaq müsbət rəylər eşitmişəm.

II Veb saytınız və sosial şəbəkələrdəki səhifələrinizdə şirkət əməkdaşlarının fikirləri və s. çox xoşuma gəldi.

III Sizin şirkət insanlara yardımçı olan keyfiyətli məhsulların istehsalçısıdır. Sizin fəaliyyətiniz şirkət haqqında çox maraqlı təəssürat yaradır. Mən də bu komandanın bir üzvünə çevrilmək istərdim.

  1. "Siz tək və ya komanda daxilində işləməyi üstün tutursunuz?"

Əgər tək işləməyi xoşladığınızı söyləsəniz müsahibə götürəndə sizə qarşı belə fikir yarana bilər ki, siz çətin əlaqə qura bilən və ancaq öz tapşırığı ilə məşğul olan birisiniz. Digər tərəfdən komanda daxilində işləməyi xoşladığınızı desəniz elə fikir yaranacaq ki, siz müstəqil fikir qəbul edə bilmirsiniz.

Qeyd edə bilərsiniz ki, sizə hər iki formatda işləmək uyğundur. Məsələn komanda daxilində işləməklə siz yeni biliklər əldə edə və fikir mübadiləsi həyata keçirə bilərsiniz. Ancaq siz tək işləməyin də zövqlü olduğunu düşünürsünüz. Özünüz qərar verərək, nəyəsə nail olmaqdan çəkinmirsiniz.

  1. "İş yerinizdə elə olubmu ki, rəhbəriniz və ya iş yoldaşlarınız sizdən prinsiplərinizə zidd olan bir iş görməyi istəyiblər?"

Bu sual sizin etika və əxlaqi prinsiplərinizi yoxlamaq məqsədi daşıyır. Bu zaman keçmiş rəhbəriniz və ya iş yoldaşlarınızın dalınca danışmaq formatına keçmədən suala cavab vermək lazımdır.

  • Suala necə cavab vermək lazımdır?

Çalışın ki, cavabınız qısa, dürüst və dəqiq olsun. Peşəkarlıq çərçivəsindən kənara çıxmadan keçmiş işinizin məxfi məlumatlarını çatdırmayın.  

"​Maaşla bağlı gözləntiniz nədir?"

Bu sual hər iki tərəfi xoşagəməz hala sala bilər. İş burasındadır ki, əksər hallarda müsahibə götürənin maaşı müzakirə etmək ixtiyarı olmur. Bu sualı verməklə o, şirkətin sizi götürməyə imkanı çatıb-çatmayacağını yoxlamaq istəyir.

  • Suala necə cavab vermək lazımdır?

Müsahibəyə getməmişdən öncə öz sahənizdə mövcud əmək haqqlarını analiz edin. Bundan sonra aşağıdakı 2 cavabdan birini seçə bilərsiniz.

I Gəlin öncə bu vəzifəyə sizin tələbləriniz haqqında danışaq, ondan sonra mən sizin sualınıza cavab verə biləcəm.

II Mən özümə uyğun, təcrübəm və biliklərimi artıracaq iş axtarışındayam. Əminəm ki, siz bazara uyğun maaş verirsiniz. Sadə dillə desək “ Mən özümə dəyər verirəm və ümid edirəm ki, hörmətli bir şirkətlə işləyəcəm.

Bütün bu suallara cavab zamanı konkret və səmimi olun. Özünüzdən nəsə əlavə şey kəşf etməyə ehtiyac yoxdur. İstənilən halda gec və ya tez yalanınızın üstü açılacaq. Özünüzə əmin olun və əgər müsahibə uğursuz keçdisə bəlkə də o iş heç sizə uyğun deyildir.

Məzunların nəzərinə    

Əziz məzunlar, əgər  özünüz haqqında məlumatl Məzunların siyahısı faylında  tapmadınızsa xahiş edirik məlumatlarınızı (Diplom nömrəsi ; Ad, soyad, ata adı; iş yeri; Bitirdiyiniz ixtisas; Dərəcə; Bitirdiyiniz il)  tmtim@wcu.edu.az email adresinə göndərəsiniz

Məzunlarımız haqqında